“Naxçıvan” Universitetində şəhid məzun Orxan Paşazadəyə həsr olunan anım tədbiri keçirilib
“Naxçıvan” Universitetinin Xarici dillər fakültəsinin təşkilatçılığı ilə universitetin şəhid məzunu Orxan Paşazadənin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Tədbirdə çıxış edən “Naxçıvan” Universitetinin rektoru, dos. Anar Kazımov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində tarixi Zəfərin qazanılması ilə nəticələnən 44 günlük Vətən müharibəsindən dörd il ötdüyünü qeyd edərək milli tariximizə qızıl hərflərlə əbədi həkk olunan möhtəşəm qalibiyyəti xalqımıza yaşadan əsgər və zabitlərimizlə qürur duyduğunu bildirib.
Azərbaycanın suverenliyi və xoşbəxt gələcəyi yolunda yüksək fədakarlıq və şücaət göstərən Orxan kimi qəhrəman oğulların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını və böyük ehtiramla anılacağını bildirən Anar Kazımov əzəli torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.
Tədbirdə şəhidin atası Nazim Paşazadə ilə telefon bağlantısı yaradılıb. Nazim Paşazadə universitet rəhbərliyinə minnətdarlıq edib, şəhidlərin yad edilməsinin onların ailə üzvləri üçün təsəlli olduğunu vurğulayıb.
Sonra universitetin Ümumi işlər üzrə prorektoru Afin Məmmədov və Xarici dillər fakültəsinin dekanı Leyla Səfərova çıxış ediblər.
Orxan Paşazadənin tələbəlik illərindən danışan Xarici dillər fakültəsinin baş müəllimi Nərmin Məmmədova isə onun nizam-intizamlı, vətənpərvər və ağıllı bir gənc olduğunu, müəllimlərinə dərin hörmət və ehtiramla yanaşdığını qeyd edib, universitetin ən dəyərli məzunlarından biri kimi Orxan ilə hər zaman qürur duyduğunu bildirib.