“Ulu öndər Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan” mövsuzunda keçirilən tədbirdə Mərkəzinin elmi katibi Nihad Tarverdiyevin, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, t.ü.f.d Toğrul Xəlilovun, “Naxçıvan” Universitetinin “Ümumi tarix və beynəlxalq münasibətlər” kafedrasının müdiri, t.ü.f.d Mehman Şabanovun, Naxçıvan Müəllimlər İnstitutunun “Pedaqogika və Psixologiya” kafedrasının baş müəllimi, p.ü.f.d Ruhəngiz Əliyevanın məruzələri dinlənilib.
Çıxışlarda qeyd olunub ki, Naxçıvan torpağı XX əsrdə Azərbaycana Heydər Əliyev kimi görkəmli siyasətçi, müdrik dövlət xadimi bəxş edib. Adı tarixin səhifələrinə qızıl hərflərlə yazılmış Ulu Öndərin Azərbaycan tarixində əvəz olunmaz xidmətləri olub. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir
Diqqətə çatdırılıb ki, Heydər Əliyevin həyat və fəaliyyətinin 1990-1993-cü illəri əhatə edən dövrü doğma Naxçıvanla bağlıdır. Təkcə qədim Naxçıvan deyil, ümumilikdə, Azərbaycan nail olduğu sürətli yüksəlişə, bugünki varlığına görə məhz Ümummili Liderə borcludur. Müasir tariximizin böyük bir mərhələsini əhatə edən Heydər Əliyev həqiqəti mahiyyətinə görə son dərəcə geniş və zəngin tarixi siyasi mənəvi-ideoloji irsi özündə ehtiva edir. Heydər Əliyevin bütün həyatı öz ölkəsinin və xalqının taleyi ilə bilavasitə bağlı olub, onun siyasi hakimiyyəti xalqımızın taleyinə müəyyənedici, istiqamətləndirici və həlledici təsir göstərib.
Bildirilib ki, Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyası bu gün dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Həmçinin, qarşıya qoyulan əsas məqsəd və hədəflərə nail olunub. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə ölkə başçısının rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaqdır. Xalqımızın böyük oğlu, Azərbaycan xalqının yetişdirdiyi ən görkəmli sima, dövlət idarəçiliyi sahəsində böyük, təcrübəli siyasət adamı, dövlət xadimi, fenomenal şəxsiyyət Heydər Əliyev Azərbaycanımızın, dövlətimizin tarixində əbədi qalacaq və həmişə anılacaqdır.