“Naxçıvan” Universitetində Novruz şənliyi keçirilib
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra isə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən universitetin rektoru, dosent Anar Kazımov Novruz bayramı münasibətilə ali təhsil ocağının kollektivini, tələbələri təbrik edib, onlara möhkəm cansağlığı, işlərində uğurlar, könül xoşluğu, bol ruzi-bərəkət arzu edib. Rektor bayramın mahiyyətindən, əhəmiyyətindən danışıb: Novruz yeni gün , yeni arzular , yeni ovqat deməkdir. Bu bayramda təbiət də yenilənir. Sizə də həyatınızda yeniliklər arzu edirəm. Torpaqlarımızın azadlığı, vətənimizin müstəqilliyi uğrunda qurban gedən şəhidlərimizin xatirəsini bayram günü bir daha ehtiramla yad edir, ruhları şad olsun!-deyirəm. Şəhid ailələrinin üzvlərini, qazilərimizi, Azərbaycançılıq məfkurəsi ətrafında, milli həmrəylik duyğusu ilə sıx birləşən bütün soydaşlarımızı, NU ailəsini Novruz bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, ən xoş bayram arzularımı bildirirəm”.
Tədbirin bədii hissəsində Kosa və Keçəlin məzəli deyişmələrindən ibarət səhnəcikləri, tələbə rəqs kollektivlərinin ifasında milli və müasir rəqslər, bir sözlə, musiqili çıxışlarından ibarət rəngarəng proqram maraqla izlənilib.
Sonda rektor Anar Kazımov tələbələr və kollektivlə birgə bayram tonqalını alovlandırıb. Bayram tonqalı ətrafında universitetin müəllim-tələbə heyəti yallı gedərək milli birlik və həmrəyliyimizi ifadə ediblər.