Bu gün ali təhsil ocağında “28 May- Xalq Cümhuriyyətinin yaranma tarixidir” mövzusunda elmi konfrans keçirilib.
Konfransda çıxış edən “Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş verdiyini, müsəlman şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu bildirib . Rektor çıxışında qeyd edib ki, cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Buna görə də Ümummilli liderimiz Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini hər zaman yüksək qiymətləndirib, Cümhuriyyət ənənələrinin yaşadılmasına və inkişaf etdirilməsinə daim böyük əhəmiyyət verib.
“AXC-nin xarici siyasət konsepsiyası: Uğurlar və geopolitik böhran” mövzusunda çıxış edən “Naxçıvan” Universitetinin “Ümum tarix və beynəlxalq münasibətlər” kafedrasının müəllimi Elçin Zamanlı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən, diplomatik uğurlarından danışıb. O, parlamentin sədri Əlimərdan bəy Topçubaşovun Paris Sülh Konfransında iştirakı ilə bağlı maraqlı faktları diqqətə çatdırıb.
Kafedranın müəllimi Yunis Xəlilov “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvanda məhkəmə orqanları” adlı məruzəsində Cümhuriyyətin ilk dövrlərində ölkəmizdə mövcud olan məhkəmə orqanlarının fəaliyyətindən söz açıb. Bildirilib ki, AXC dövründə milli məhkəmə hakimiyyətinin formalaşdırılması istiqamətində bir sıra işlər görülüb, bu sahənin tənzimlənməsi məqsədilə zəruri qanunvericilik aktları qəbul edilib və müxtəlif səlahiyyətlərə malik olan müəyyən məhkəmə orqanları fəaliyyətə başlayıb.
Konfransda, həmçinin “Naxçıvan” Universitetinin “Tarix müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Havva Seyidovanın “AXC dövründə milli ordu quruculuğu” mövzusunda məruzəsi də dinlənilib. Yekunda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.