Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
“Naxçıvan” Universitetində Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş “Əsrin faciəsi” adlı anım tədbiri keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, dos. Nurlana Əliyeva çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən faciədə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, bu kütləvi qırğında yüzlərlə insanın vəhşicəsinə qətlə yetirilməsindən, yandırılmasından və girov götürülməsindən danışıb. Nurlana Əliyeva Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə söhbət açıb. Qeyd edilib ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasət bu gün dövlət başçısı Cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Universitetin “Ümumi tarix və beynəlxalq münasibətlər” kafedrasının dosenti Emin Şıxəliyev Xocalı faciəsinin bütün dövrlər üçün tək Azərbaycan tarixinə deyil, eyni zamanda dünya insanlıq tarixinə qara hərflərlə yazıldığını vurğulayaraq 1992-ci illdən etibarən yeni bir dönəmin başladığını bildirib, həmin illərə tarixi nəzər salıb. Bu tarixin unudulmamasının vacibliyinə toxunan Emin Şıxəliyev şanlı zəfəri bizə yaşadan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun rəhbərlik etdiyi qəhrəman ordumuzun sayəsində Xocalı faciəsinin qurbanlarının qisasının alındığını bildirib.
Tədbir tələbələrin ifasında Xocalı soyqırımına həsr edilən şeirlərin səsləndirilməsi və soyqırıma həsr edilən videoçarxın nümayişi ilə sonlanıb.