"Naxçıvan" Universitetinin bir qrup müəllimi və "Sosial iş" ixtisası üzrə təhsil alan tələbələri Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbində olublar.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən tədbirdə bildirilib ki, hər iki valideynini itirən, ata-ana himayəsindən məhrum edilən, imkansız ailələrin övladlarının olduğu məktəbdə 42 uşaq təhsil və tərbiyə alır. Məktəbdə şagirdlərin yüksək təhsil almaları üçün rahat şərait mövcuddur. Onlar dövlət qayğısı ilə tam əhatə olunub.
Qeyd olunub ki, ölkəmizdə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hər biri sağlam böyüyür, milli dəyərlər əsasında tərbiyə olunur, intellektual səviyyələri inkişaf edir və ən əsası da ali və orta ixtisas müəssisələrində təhsil alaraq layiqli vətəndaş kimi yetişirlər. Çıxış edənlər uşaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara təhsillərində uğurlar arzulayıblar.
Şaxta baba və Qar qızın tədbirə gəlişi isə uşaqların sevincinə səbəb olub. Şaxta baba və Qar qız uşaqlara hədiyyələr paylayıb, onlarla rəqslər edib, əyləniblər.
Uşaqlar bayram şənliyindən xoş əhval-ruhiyyə ilə ayrılıblar.