"Naxçıvan" Universitetində Beynəlxalq Qadınlar Günü keçirilib.
Qadın gözəllik, məhəbbət, ülviyyət nümunəsidir. 1910-cu ildən onun adına bağışlanan Beynəlxalq Qadınlar Günü bu gün dünyanın bir çox yerlərində qeyd edilir.
Martın 7-də "Naxçıvan" Universitetində də 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra “Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda videoçarx nümayiş etdirilib.
Tədbirin açılışında giriş sözü ilə çıxış edən universitetin rektoru, dosent Anar Kazımov universitetin qadın əməkdaşları və tələbələrinə bayram təbrikini çatdırıb.
Qadınlarımız həyatın bütün sahələrində iştirak edirlər. Onların rolunun və iştirakçılığının artırılması dövlətimizin prioritet istiqamətlərindəndir. Hazırda qadınlarımız çox inkişaf ediblər və Azərbaycan cəmiyyətində onların iştirakçılığının artırılması istiqamətində məqsədyönlü siyasət aparılır. Dövlətimiz qadınların iştirakçılığını təmin etməklə bərabər, onların potensialından düzgün istifadəni də diqqətdə saxlayır”, - deyə Anar Kazımov qeyd edib.
Tədbir musiqi proqramı ilə davam edib.