İlk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı növbəti maarifləndirici infosessiya keçirilib
Bu gün “Naxçıvan” Universitetində 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ilk dəfə səs verəcək tələbə-gənclər üçün seçki hüququ ilə bağlı növbəti maarifləndirici infosessiya keçirilib. Görüş Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə gerçəkləşib.
Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, dos. Nurlana Əliyeva gəncləri seçkilərdə ilk dəfə səsvermə hüququ qazanmaları münasibətilə təbrik edərək infosessiyanın keçirilmə səbəbi və mahiyyəti barədə məlumat verib.
4 saylı Naxçıvan şəhər Dairə Seçki Komissiyasının sədri Çingiz Həsənli tərəfindən gənclərə səsvermə proseduru, seçki gününədək və seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər izah olunub və tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, infosessiya keçirilməsində əsas məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə gənclərin maarifləndirilməsi, habelə baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.