Ali təhsil ocağında Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.
Bu gün universitetdə “Ümumi tarix və beynəlxalq münasibətlər” kafedrasının təşkilatçılığı ilə muxtar respublikanın 100 illiyi münasibətilə “Naxçıvan Muxtar Respublikasının Azərbaycan dövlətçilik tarixində yeri və rolu” mövzusunda dəyirmi masa təşkil olunub.
Pedaqoji fakültənin dekanı, dos Lalə Allahverdiyeva Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı ölkə başçısının Sərəncamının müddəaları üzrə universitetdə də müvafiq Tədbirlər planının hazırlandığını və mütəmadi tədbirlərin həyata keçirildiyini bildirib.
Sonra kafedra müəllimlərinin məruzələri dinlənilib. Məruzələrdə Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına tarixi səfərləri qeyd edilib, muxtar respublikada son illərdə görülən işlərin, həyata keçirilən quruculuq tədbirlərinin Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin məntiqi nəticəsi olduğu vurğulanıb.
Dəyirmi masa məruzələr ətrafında müzakirələrin aparılması ilə yekunlaşıb.