ADA Universiteti ilə bu il başladılan tələbə mübadiləsi bu semestr də uğurla davam etdirilir
“ADA Universiteti ilə “Naxçıvan” Universiteti arasında 2 sentyabr 2023-cü il tarixli əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçiriləcək tələbə mübadiləsi 2023-2024-cü tədris ilinin ikinci yarımilindən etibarən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə töhfə olaraq davam etdiriləcəkdir”- bu sözləri “Naxçıvan” Universitetinin rektoru, dos. Anar Kazımov universitetin inzibati heyəti ilə keçirilən görüşdə qeyd edib. Rektor bildirib ki, mübadilə proqramının 2023-2024-cü tədris ilinin birinci yarımili üzrə ilk təmsilçisi olan Oğuz Məmmədov artıq proqramı uğurla başa vurub. Hətta bu münasibətlə bu gün tələbəmiz ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə ilə də görüşüb. “Bu, ADA Universiteti ilə ölkənin ali təhsil müəssisələri arasında ilk tələbə mübadiləsi proqramını reallaşdıran “Naxçıvan” Universitetinin ən böyük uğurlarından biridir”-deyə Anar Kazımov vurğulayıb.
Eyni zamanda rektor Anar Kazımov ADA Universitetində növbəti semestr üçün təcrübə mübadiləsinə cəlb olunan tələbələrlə də görüşüb. Tələbələrimizi təbrik edən Anar Kazımov cari ilin sentyabr ayında imzalanan müqavilədən söz açaraq növbəti mübadilə üçün universitetimizdə seçim prosesinin təşkil olunmasından bəhs edib. Gənclərə təhsil həyatında uğurlar arzulayaraq universitetimizi layiqli təmsil edəcəklərindən əminliyini ifadə edib.
Görüşdə İdarəetmə fakültəsinin dekanı, dos. İradə Bağırova  ADA Universiteti ilə bağlanan əməkdaşlıq müqaviləsinin universitetimiz üçün əhəmiyyətindən danışıb. Bildirib ki, növbəti mübadilə proqramında iştirak üçün seçilən tələbələrimiz "Naxçıvan" Universitetini layiqincə təmsil edəcəkdir. Biz buna əminik!
Pedaqoji fakültənin dekanı, dos. Lalə Allahverdiyeva tələbələrimizin çalışqan, məsuliyyətli olduğunu vurğulayaraq onları ürəkdən təbrik edib, mübadilə proqramı çərçivəsində üzərimizə düşən vəzifələrdən söz açıb.
Növbəti mübadilə proqramında iştirak edəcək tələbələr- universitetin “Biznesin idarə edilməsi” ixtisası üzrə II kurs tələbəsi Elçin Məmmədli və “İnformasiya texnologiyaları” ixtisası üzrə III kurs tələbəsi Hafizə Muradova onlar üçün yaradılan bütün imkanlara görə universitetin rektoru Anar Kazımova təşəkkür edərək ADA Universitetində təhsil aldıqları müddətdə "Naxçıvan" Universitetini layiqli şəkildə təmsil edəcəklərinə söz veriblər.
Sonda rektor Anar Kazımov bir daha yaradılan şəraitə görə ADA Universitetinin rektoru, hörmətli Hafiz Paşayevə universitet rəhbərliyi və bütün kollektiv adından minnətdarlıq edərək yaxın günlərdə anoloji mübadilə proqramının Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə də reallaşdırılacağını bildirib.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image