ADA Universiteti ilə “Naxçıvan” Universiteti arasında tələbə mübadiləsi proqramı uğurla davam edir
ADA Universiteti ilə “Naxçıvan” Universiteti arasında 2 sentyabr 2023-cü ildə imzalanan müqavilə çərçivəsində tələbə mübadiləsi davam edir. Əməkdaşlıq çərçivəsində “Naxçıvan” Universitetinin “Biznesin idarə edilməsi” ixtisası üzrə II kurs tələbəsi Elçin Məmmədli və “İnformasiya texnologiyaları” ixtisası üzrə III kurs tələbəsi Hafizə Muradova 2023-2024-cü tədris ilinin ikinci yarımilindən etibarən ADA Universitetində mübadilə proqramına cəlb olunublar.
Bununla əlaqədar olaraq “Naxçıvan” Universitetinin rektoru, dos. Anar Kazımov və Tədris şöbəsinin müdiri f.ü.f.d. Anar Abuzərli ADA Universitetini ziyarət edib. Nümayəndə heyəti ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə ilə görüşüb. Fariz İsmayılzadə əməkdaşlığa dair bağlanan müqavilənin hər iki ali təhsil müəssisəsi arasında əlaqələrin möhkəmlənməsinə əlverişli şərait yaradacağını vurğulayıb. O, qeyd edib ki, birgə əməkdaşlıq elmi layihələrin həyata keçirilməsinə də təkan verəcək: “ADA ilk dəfədir ki, yerli bir universitetlə belə müqavilə imzalayır. Bu nümunəvi addımdır və daxildə tələbə-təcrübə mübadiləsinə müsbət təsir göstərəcək. Həmçinin regionlardakı universitetlərin inkişafına öz töhfəsini verəcək. Məhz bu məqsədlə “Naxçıvan” Universitetinin seçilməsi də ADA Universitetinin muxtar respublikada təhsilin inkişafına verdiyi dəstəyin təzahürüdür”.
Məlumat üçün bildirək ki, Tələbələrimiz- Elçin Məmmədli və Hafizə Muradova ADA Universitetinin bütün resursları ilə (o cümlədən, yaşayış yeri, kitabxana, tədris mərkəzləri və s.) təmin edilib.
Xatırladaq ki, ADA Universiteti ilə mövcud əməkdaşlıq müqaviləsi çərçivəsində artıq “Naxçıvan” Universitetinin “Kompüter mühəndisliyi” ixtisası üzrə III kurs tələbəsi Oğuz Məmmədov 2023-2024-cü tədris ilinin birinci yarımilində sözügedən universitetdə mübadilə proqramına cəlb olunub və proqramı uğurla başa vurub. Bu münasibətlə də bu gün universitetin rektoru, dos. Anar Kazımov tələbəmiz Oğuz ilə görüşüb. Rektor mübadilə proqramını uğurla başa vuran tələbəni təbrik edərək ona müvəffəqiyyətlər arzulayıb.
Öz növbəsində mübadilə proqramından yararlanan tələbəmiz Oğuz da ADA Universiteti ilə bağlı öz təəssüratlarını bölüşüb: “İlk növbədə bunu qeyd etmək istəyirəm ki, ölkədə beynəlxalq təhsil mühitinə uyğunlaşdırılmış bu universitet bütün dərsləri ingilis dilində tədris edir və sizə bir çox beynəlxalq təcrübəsi olan xarici professorlarla dərs keçmək şansı verir. Beləliklə, siz Azərbaycanda təhsil almaqla xarici təhsil mühitini görə bilirsiniz. Bütün bunlara görə də ADA Universitetində təhsil mənim üçün böyük təcrübədir. Dərslər demək olar ki, praktiki biliklər üzərindən qurulub və keyslərdən istifadə olunur. Burada “Mikroprosessor sistem” dərsi daha çox marağıma səbəb olub. Ümumiyyətlə isə, deyə bilərəm ki, ADA Universitetinin mübadilə proqramı ilə bağlı tələbələr üçün yaratdığı şans mükəmməldir. Bu mübadilə proqramının məzun olduqdan sonra gələcək karyeramda önəmli rol oynayacağından əminəm”. Bizə bu şansı verdiyi üçün “Naxçıvan” Universitetinin rəhbərliyinə tələbələr adından öz minnətdarlığımı bildirirəm