“Naxçıvan” Universitetində “Zəfər Günü” təntənəli şəkildə qeyd olunub









Ali təhsil müəssisəsində 8 Noyabr - “Zəfər Günün”nə həsr olunmuş tədbir keçirilib
Şəhid ailəsi üzvlərinin, həmçinin Vətən müharibəsində iştirak etmiş qazilərin də iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra isə Vətən uğrunda canından keçən qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov universitet kollektivini Azərbaycan xalqının tarixi qələbəsinin üçüncü ildönümü münasibətilə təbrik edib. Rektor tarixi qələbəni, şərəfli günləri bizə qazandıran şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib, qazilərimizə cansağlığı arzulayıb və şəhidlərin bizim qəlbimizdə əbədi yaşayacağını deyib.
Vətən müharibəsinin 44 günlük xronikasını diqqətə çatdıran rektor Anar Kazımov Zəfərimizin növbəti ildönümünün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd etdiyimiz bir vaxta, eyni zamanda cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin 20-ci ildönümünə təsadüf etməsinə diqqət çəkib. Anar Kazımov bu baxımdan şanlı Zəfərdən, dünyanın ən çətin və mürəkkəb münaqişələrindən olan Qarabağ probleminin birdəfəlik həllindən danışarkən, qələbəmizi şərtləndirən amillərə dönə-dönə qayıtmağın, nəzər yetirməyin vacibliyini vurğulayıb.
Rektor müharibənin gedişində ölkəmizin qüdrəti haqqında beynəlxalq birlikdə dəqiq təsəvvürün formalaşdığını, eyni zamanda bütün dünyanın öz xalqının maraqlarını bütün dəyərlərdən üstün tutan Müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin şahidi olduğunu söyləyib. “Vurğulamaq vacibdir ki, Prezident İlham Əliyevin postmüharibə dövründə yürütdüyü düşünülmüş siyasət, diplomatik gedişlər qələbəmizin dünya tərəfindən qəbul olunmasına, həmçinin suverenliyimizi bərpa etməyə imkan verdi. 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olunmuşdusa, bu il sentyabrın 20-də keçirilən 23 saatlıq, dünyada nadir olan antiterror əməliyyatı ilə torpaqlarımız üzərində dövlət suverenliyimiz tam bərqərar edildi. Bütün dünya azərbaycanlıları Müzəffər Ali Baş Komandanın Xankəndi, Əsgəran, Xocavənd, Xocalı və Ağdərədə üçrəngli bayrağımızı ucaltmasına böyük xoşbəxtlik, böyük fərəh, böyük qürurla şahidlik etdi”-, deyən Anar Kazımov hazırda işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətlə davam etdiyini və bu proseslə paralel olaraq, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdışının hamımızın qəlbində sonsuz sevinc hissləri doğurdunu ifadə edib.
Sonra çıxış edən şəhid Raqib Hüseynovun anası Rəna Hüseynova Zəfər Gününün şəhid ailəsi olaraq, böyük qürurla qeyd etdiyini bildirib. Şəhidin şərəfli ömür yolundan danışan Rəna Hüseynova qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda canından keçən qəhrəman döyüşcü, Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Baş leytenant Raqib Hüseynov Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda”, həmçinin “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. Övladı ilə hələ uşaqlığından fəxr etdiyini vurğulayan Rəna Hüseynova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını ifadə edib.
Tədbirə onlayn şəkildə qatılan şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova və şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova da iştirakçıları salamlayaraq Zəfər Gününü şəhid ailəsi olaraq, böyük qürurla qeyd etdiklərini bildiriblər.
Tədbir iştirakçılarını bayram münasibətilə təbrik edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərlə iş” şöbəsinin müdiri Üzeyir Məmmədov möhtəşəm tarixi qələbənin bu il ölkəmizin suverenliyinin tam bərpa olunaraq bayram edilməsini xüsusi vurğulayıb. Şanlı qələbənin Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi və onun güclü, sarsılmaz siyası iradəsi, eyni zamanda ordumuzun qüdrəti hesabına qazanıldığına diqqət çəkən Üzeyir Məmmədov qələbəni bizə qazandıran qəhrəman oğullarımıza hər zaman borclu olduğumuzu söyləyib və onların daima yad edilməsinin vacibliyini vurğulayıb. Qazi və şəhid ailə üzvlərinin dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğunu deyən Üzeyir Məmmədov muxtar respublikada yaşayan qazi və şəhid ailələri ilə bağlı görülən tədbirlərdən də bəhs edib.
Daha sonra Vətən müharibəsi qəhrəmanları, qazi Mirkənan Kərimov və Elşən Həsənov 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi rəşadətdən, əsgər və zabitlərimizin qəhrəmanlığından söz açıb, döyüş xatirələrini bölüşüb. Mirkənan Kərimov Ümumilli Lider Heydər Əliyevin ordu quruculuğuna verdiyi əvəzsiz töhfələrdən danışıb, Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qazi və şəhid ailələrinə göstərdiyi ali diqqət və qayğısından bəhs edib.
Zəfər Gününə həsr edilən tədbir tələbələrin vətənpərvərlik ruhunda hazırladığı musiqili, ədəbi-bədii proqramla davam edib.