“Naxçıvan” Universiteti tələbələrinin növbəti uğuru!
Tələbələrimiz İspaniyanın Valladolid Universitetində mübadilə proqramında iştirak edəcəklər
![Image](/images/2024/01/23/bcbf4d4a-482d-49d1-a75e-138a44a174b7.jpg)
“Naxçıvan” Universitetinin tələbələri- “Xarici dil müəllimliyi” (ingilis dili) ixtisası üzrə II kurs tələbəsi Qumral Həsənova və “Tərcümə” ixtisası üzrə III kurs tələbəsi İmmi Rzayeva “Erasmus + KA171” proqramı çərçivəsində İspaniya Krallığının Valladolid Universitetində bir semestrlik mübadilə proqramında iştirak edəcəklər.
Bu münasibətlə “Naxçıvan” Universitetinin rektoru, dos. Anar Kazımov tələbələrlə görüşüb. Görüş zamanı rektor tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb və dövlətimizin gənclərə göstərdiyi etimadı doğruldacaqlarına ümidvar olduğunu bildirib. Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali məktəblərində təhsil almasının əhəmiyyətinə toxunan Anar Kazımov onların ölkəmizin dinamik inkişaf prosesinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib.
Universitetin digər əməkdaşları da tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb. Tələbələr isə öz növbəsində yaradılan imkana görə “Naxçıvan” Universitetinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, “Naxçıvan” Universiteti “Erasmus +” mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyimiz İspaniyanın Valladolid Universitetində 2023-2024-cü tədris ilinin yaz semestri üçün qəbul elan etmiş və universitetin 10-dan çox tələbəsi bu mübadilə proqramında iştirak üçün müraciət etmişdir. Nəticədə isə həmin tələbələr arasından CV və transkript ortalaması yaxşı olan 2 nəfər bir semestrlik proqramda iştirak etmək haqqı qazanmışdır.
Tələbələrimizi təbrik edir, onlara uğurlar arzulayırıq!