Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamın icrası ilə bağlı 29 noyabr 2017-ci il tarixdə Naxçıvan MR Maliyyə Nazirliyinin əməkdaşlarının “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin tələbələri ilə "Büdcə gəlirlərinin proqnozlaşdırılması və büdcənin mədaxil hissəsinin formalaşdırılması" movzusunda görüşü keçirilib.
Görüş zamanı nazirliyin “Gəlirlərin proqnozu” şöbəsinin müdiri Musa Əliyev görüşün əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamdan irəli gələn vəzifələri nəzərə çatdırıb. Nazirliyin əməkdaşı həmçinin qeyd edib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.
Tədbirdə “Gəlirlərin proqnozu” şöbəsinin aparıcı məsləhətçisi Elvin Nağıyev çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir.
Eyni zamanda nazirliyin “Büdcə” şöbəsinin Baş məsləhətçisi Ramil Hüseynov tələbələrə dövlət büdcəsinin quruluşu haqqında məlumat verərək bildirmişdir ki, büdcə gəlirləri Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının və yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar hesabına formalaşır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.