Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən icrasına başlanılmış “Gənclərdə büdcə savadlılığı” layihəsi muxtar respublikada təhsil alan tələbələrin büdcə sahəsində savadının artırılması və nəzəri biliklərlə yanaşı praktik biliklərin artırılmasına yönəldilmişdir. Layihə cərçivəsində keçirilən təlim 5 mart 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetində baş tutub.
Universitetin iclas zalında keçirilən təlimə “İdarəetmə”, “İqtisadiyyat”, “Xarici dillər”, “Pedaqogika” ixtisasları üzrə 120-dən çox tələbə cəlb olunub.
Tədbiri giriş sözü ilə Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası istiqamətində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Bildirib ki, təlim məşğələləri tələbələrin müvafiq bilik və bacarıqlar əldə etmələri ilə yanaşı, ümumi dünyagörüşlərinin genişlənməsinə, müasir informasiya cəmiyyətində tələb edilən səviyyədə hərtərəfli məlumata sahib olmalarına şərait yaradır.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova çıxış edərək layihə barədə ətraflı məlumat verib, əhəmiyyəti və aktuallığı barədə danışıb. O bildirib ki, tələbələrin bu layihə çərçivəsində keçirilən tədbirlərdə iştirakları onların təlim məşğələlərində müvafiq bilik və bacarıqlar əldə etmələri ilə yanaşı, ümumi dünyagörüşlərinin genişlənməsinə, müasir informasiya cəmiyyətində tələb olunan səviyyədə hərtərəfli məlumata sahib olmalarına, həyat təcrübəsinə yiyələnmələrinə kömək göstərir.
Nazirliyin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov “Dövlət büdcəsini anlayaq” mövzusunda hazırlanmış təlim materialı vasitəsilə Azərbaycan Respublikası dövlət büdcəsinin tərtibi, müzakirəsi, təsdiqi, icrası, icrasına nəzarət haqqında ətraflı məlumat verib.
Növbəti çıxış isə Maliyyə Nazirliyinin Dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin baş məsləhətçisi Xəlil Vəlizadə tərəfindən olmuş, “Tələbə büdcəsinin idarə olunması” mövzusunda təlim aparılmışdır. Mövzuya müvafiq olaraq gənclərdə tələbə büdcəsinin effektiv planlaşdırılmasının məqsəd və əhəmiyyəti, tələbə büdcəsinin təhlil olunmasının vacibliyi, xərclərin müəyyən edilməsi və təhlili, pulun idarə olunması və xərclərin gəlirlərə uyğun qurulması işlərinin əhəmiyyəti barədə danışılıb.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb. Tələbələrin təlimlə əlaqədar bilik səviyyələrinin yoxlanılması məqsədilə keçirilən interaktiv mərhələdə 4 komanda iştirak edib. Yarışda universitetin “İqtisadiyyat” komandası qalib olub. “İdarəetmə” komandası II, “Pedaqoji” komandası III, “Xarici dillər” komandası isə IV yerə layiq görülüb. Qaliblərə sertifikatlar, oxunması zəruri olan kitablar təqdim edilib.