“Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə “XX əsr Naxçıvan ədəbi mühitində dil məsələləri” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, Naxçıvan ədəbi mühiti Azərbaycan ədəbiyyatının xüsusi tərkib hissəsidir. Bu ədəbi mühit qədim dövrlərdən orta əsrlərə, yeni dövrdən müasir dövrə qədər həmişə Azərbaycan ədəbiyyatına parlaq ədəbi simalar, qiymətli əsərlər bəxş etmişdir. XX əsr Naxçıvan ədəbi mühiti də Azərbaycan və dünya ədəbiyyatına onlarca görkəmli şair və yazıçı bağışlamışdır.
Daha sonra Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri professor Sədaqət Həsənovanın “Qafar Qərib dil, üslub xüsusiyyətləri”, dosent Qənirə Əsgərovanın “Naxçıvan onomastikasında Firudin Rzayevin rolu” və Xuraman Hacızadənin “Fonetika və fonologiya problemlərinin həllində naxçıvanlı dilçi alimlərin rolu” mövzusunda çıxışları dinlənilib.
Bildirilib ki, XX əsrdə Naxçıvan diyarı Azərbaycan ictimai, ədəbi-bədii fikrinə və mədəniyyətinə bir sıra böyük şəxsiyyətlər bəxş etmişdir. XX əsrin əvvəllərində Naxçıvanda mədəniyyətin inkişafına xidmətləri keçmiş mütəfəkkirlərdən Cəlil Məmmədquluzadənin, Əliqulu Qəmküsarın, Məmməd Səid Ordubadinin, Mirzə Cəlil Şürbinin (Mirzəyev), Eynəli bəy Sultanovun, Qurbanəli Şərifzadənin, Hüseyn Cavidin və Əli Səbrinin adlarını fəxrlə çəkə bilərik