“Naxçıvan” Universitetinin Elmi Kitabxanasında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının təşkilatçılığı ilə “Mütaliə ruhun qidasıdır” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə universitetin Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudova açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin "Oxunması zəruri olan kitablar haqqında" Sərəncamla mütaliənin gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasındakı əhəmiyyəti haqqında ətraflı məlumat verib.
Bildirib ki, insanın bir şəxsiyyət olaraq formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaş tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir.
Daha sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Nərmin Allahverdiyeva “Mütaliənin dünyagörüşün formalaşmasında rolu”, Aytən Məmmədova “Mütaliə-ən təsirli tərbiyə vasitəsi kimi” mövzularında çıxışları dinlənilib.
Bildirilib ki, insan zəkasının inkişafında müstəsna rol oynayan mütaliə eyni zamanda onun dünyagörüşünə də ən müsbət təsir edən amillərdəndir. Dünyagörüşü təkcə düşüncəyə və biliyə deyil, həm də emosiyaların üzərində qurulur. Bu zaman isə mütaliənin vacibliyi bir daha öz təsdiqini tapır. Mütaliənin köməyilə insan öz fikir, düşüncə və hisslərini idarə etməyi öyrənir. Bədii kitablar müasir dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, ictimai münasibətlərin dərk edilməsinə, həyatda obyektiv baxışın formalaşmasına, eləcə də cəmiyyətin həyat tərzi üçün xarakterik olan etik, hüquqi və estetik normaların mənimsənilməsinə kömək edir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.