“Naxçıvan” Universitetinin Elmi kitabxanasında “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan “Kitabi-Dədə Qorqud” dastanının müzakirəsi keçirilib.
Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq “Oxunması zəruri olan kitablar” haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının əhəmiyyətindən danışmış, keçirilən tədbirin məqsəd və mahiyyətini qeyd edərək kitab haqqında ümumi məlumat vermişdir.
Daha sonra “Naxçıvan” Universitetinin Elmi kitabxanasının müdiri Zamin Babazadənin, universitetin əməkdaşı Emelya Süleymanovanın və ali təhsil ocağının tələbələri Nərminə Həsənovanın, Məşədi Ələkbərovun, Nərmin Əmirovanın, Röya Quliyevanın çıxışları dinlənilib.
Bildirilib ki, “Kitabi-Dədə Qorqud” dastanı qəhrəmanlıq, igidlik, mərdlik, cəsurluq, dostluq, birlik dastanı olmaqla yanaşı, həm də namus, qeyrət, ləyaqət, insanpərvərlik kimi əxlaqi, milli və mənəvi dəyərlərlə zəngin olan və gənc nəslin tərbiyəsində mühüm rol oynayan böyük tarixi abidədir. Dastanda baş sərkərdədən tutmuş böyükdən-kiçiyə bütün qəhrəmanların doğma torpaqlarını qorumaq uğrunda canlarından keçməyə hazır olduqları nümayiş etdirilir. “Kitabi-Dədə Qorqud” dastanında ifadə olunan çoxsaylı toponimlərin Naxçıvan ərazisində qeydə alınması bu regionun qədim Oğuz yurdu, Azərbaycan torpağı olduğunu bir daha təsdiqləyir.
Sonda tədbir iştirakçıları “Naxçıvan” Universitetinin Elmi kitabxanasında “Oxunması zəruri olan kitablar”dan ibarət stendə baxış keçirib.