22 may 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetində ümumtəhsil məktəblərinin müəllimləri, Universitetin professor və müəllim heyətinin iştirakı ilə XI sinif İngilis dili dərsliyinin müzakirəsi keçirilib.
Tədbiri giriş sözü ilə açan “Naxçıvan” Universitetinin prorektoru Hüseyn Bağırsoylu müzakirənin keçirilməsinin əhəmiyyətindən danışıb.
Bildirib ki, Təhsil Nazirliyi tərəfindən hazırlanmış qrafikə uyğun olaraq, bu gün keçirilən müzakirə ümumtəhsil məktəblərinin qabaqcıl ingilis dili müəllimləri, “Naxçıvan” Universitetinin İngilis dili kafedrasının əməkdaşları və Universitetin “İngilis dili müəllimliyi” ixtisasının IV kurs tələbələrinin iştirakı ilə XI sinfin ingilis dili dərsliyinə həsr olunur. Müzakirələrin sonunda rəy və təkliflər hazırlanacaq ki, bu da XI sinif ingilis dili dərsliyinin təkmilləşdirilməsində mühüm əhəmiyyətə malik olacaqdır.
Müzakirədə iştirak edən Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək qeyd etmişdir ki, aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə" müşavirə keçirilmişdir. Müşavirədə Ali Məclisin Sədri tərəfindən Təhsil Nazirliyinə ali məktəblərin professor və müəllim heyətləri ilə birlikdə yeni dərslik və dərs vəsaitlərinin müzakirəsini təmin etmək bir vəzifə olaraq tapşırılmışdır.
Verilmiş tapşırıqların icrasının təmin olunması məqsədilə Muxtar Respublikanın qabaqcıl müəllimlərinin iştirakı ilə ayrı-ayrı dərslik və dərs vəsaitlərinin müzakirəsi aparılmışdır. Qabaqcıl fənn müəllimlərinin iştirakı ilə hazırlanmış rəy və təkliflərin Muxtar Respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin professor və müəllim heyəti ilə birlikdə müzakirələri davam etdirilir.
Sonra XI sinif ingilis dili dərsliyinin müzakirəsinə başlanıldı. İştirakçılar dərsliyin həm keyfiyyətcə, həm də məzmunca yüksək səviyyədə hazırlandığını qeyd etməklə yanaşı, bir sıra çatışmamazlıqların-ardıcıllığın gözlənilməməsi, qramatik çalışmaların azlıq təşkil etməsi, dinləyin və dialoqu tamamlayın şəklində verilmiş tapşırıqlara aid elektron resursların olmaması və bəzi yeni sözlərin mətndə az işlədilməsini qeyd ediblər.
Müzakirələrdən sonra yekun təkliflər hazırlanaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə təqdim olunub.