“Naxçıvan” Universiteti ilə Türkiyənin Çankaya Universiteti informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində birgə əməkdaşlıq edəcək.
Bu məqsədlə Türkiyə Cümhuriyyətində səfərdə olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu Çankaya Universitetinin İdarəetmə şurasının üzvü, İctimaiyyətlə əlaqələr və reklam şöbəsinin müdiri, 22 və 24-cü çağırış Türkiyə Böyük Millət Məclisinin deputatı, Yıldız Sarayı Fondunun sədri, UNESCO-nun Mədəni İrs Komissiyasının Türkiyə üzrə nümayəndəsi Prof. Dr. Zeynep Karahan Uslu ilə görüşüb.
Görüş zamanı “Naxçıvan” Universiteti ilə Çankaya Universiteti arasında ikitərəfli əlaqələrin inkişafı, informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində birgə əməkdaşlıq barədə razılıq əldə olunmuşdur.
Bundan başqa görüş zamanı Naxçıvan Muxtar Respublikasında mədəni irsin, Türkiyə coğrafiyasında Naxçıvana aid olunmuş abidələrin araşdırılması və birgə beynəlxalq konfransların təşkili məsələləri müzakirə olunub.
Hüseyn Bağırsoylu Azərbaycanda, xüsusilə Naxçıvan Muxtar Respublikasında tarixi abidələrin qorunub saxlanılması sahəsində görülən işlərdən danışıb. Bildirib ki, hər hansı bir ölkənin tarixindən, turizm potensialından danışdıqda ilk növbədə tarixi-mədəni irs ön plana çəkilir. Naxçıvan Şərq və Qərb, Avropa və Asiya arasındakı tarixi ticarət yollarının, mədəniyyət və təhsil əlaqələrinin kəsişməsində yerləşir. Tarix boyu Azərbaycan xalqının mühüm tarixi-mədəni irsinin yaşadıldığı Naxçıvan mədəniyyət və sivilizasiyalar arasında təmas vasitəsi olub və mühüm körpü funksiyasını yerinə yetirib. Özünün fərqli təbii, iqtisadi və mədəni potensialı olan qədim Azərbaycan şəhəri Naxçıvan öz zəngin maddi və qeyri-maddi mədəni irsini keçmişin təcrübəsindən faydalanaraq qoruyur və gələcəyə çatdırır.