"Naxçıvan" Universitetində Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə "Əbdürrəhim bəy Haqverdiyev-150" adlı elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq Əbdürrəhim bəy Haqverdiyevin Azərbaycan ədəbiyyatı və mədəniyyəti sahəsindəki xidmətlərindən danışıb.
Qeyd edib ki, ölkə başçısı bu il realist Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Dramaturqun adı UNESKO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilib.
Daha sonra Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Nüşabə Məmmədovanın "Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılıq yolu" və həmin kafedranın müəllimi, dosent İman Cəfərovun "Əbdürrəhim bəy Haqverdiyev və dünya ədəbiyyatı" mövzularında çıxışları dinlənilib.
Bildirilib ki, bədii nəsr sahəsində digər tanınmış ədiblərimizlə yanaşı, realist nəsrin ənənələrini davam etdirən Əbdürrəhim bəy Haqverdiyev orijinal, özünəməxsus üslubu ilə bir sıra əsərlər qələmə alıb. O, yaradıcılığı dövründə pyes, hekayə, məqalə və xatirə yazıb, rus və dünya ədəbiyyatından tərcümələr edib, eyni zamanda, səhnəmiz üçün dram əsərləri yazıb. Əbdürrəhim bəy Haqverdiyev həm bədii yaradıcılığı, elmi-nəzəri məqalələri, həm də tərcümə əsərləri ilə ədəbiyyat xəzinəmizin zənginləşməsində böyük xidmətlər göstərib. Yazıçının tarixi keçmişimizdən bəhs edən əsərləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanmış, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynamışdır. Sonda Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığını əks etdirən slayd nümayiş olunub.