"Naxçıvan" Universitetində 2 Fevral - Gənclər Gününə həsr olunmuş "Gənclər gələcəyimizdir" mövzusunda tədbir keçirilib.
Əvvəlcə "Naxçıvan" Universitetinin şəhid olan ilk məzunu Orxan Paşazadənin, eləcə də ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq ölkəmizdə, o cümlədən, muxtar respublikada həyata keçirilən gənclər siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən danışıb. O bildirib ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Muxtar respublikada məşğul əhalinin əksəriyyətinin gənclərdən ibarət olması, onların dövlət orqanlarında irəli çəkilməsi gənclərə göstərilən diqqət və qayğıdan xəbər verir. Gənclərə qayğını hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncam imzalaması dövlətimizin gəncliyə verdiyi önəmin daha bir parlaq göstəricisidir. Azərbaycanımızın işğalçı dövlət üzərində parlaq qələbə çaldığı Vətən müharibəsində biz gənclərin Ali Baş Komandan ətrafında birləşərək öz canları bahasına Vətənin müdafiəsində necə əzmkarlıqla durduqlarına şahid olduq.
Daha sonra "Naxçıvan Universiteti Tələbə Gənclər təşkilatının" sədri Zakir Məmmədovun "Naxçıvan Muxtar Respublikasında həyata keçirilən gənclər siyasəti", "Mühasibat uçotu və audit" ixtisasının II kurs tələbəsi Məşdin Ələkbərovun "İctimai həyatda gənc tələbələrin rolu", "İqtisadiyyat" ixtisasının III kurs tələbəsi Coşqun Hüseynovun "Tələbə Elmi Cəmiyyətinin gənclərin inkişafında rolu" və Xarici dillər fakültəsinin I kurs tələbəsi Alsu Məmmədlinin "Könüllük fəaliyyəti" mövzularında çıxışları dinlənilib.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında" 2012-ci il 31 yanvar tarixli Fərmanı muxtar respublikamızda gənclərə göstərilən yüksək diqqət və qayğının daha bir ifadəsidir.