“Naxçıvan” Universitetinin Kitabxanasında ali təhsil ocağının İqtisadiyyat fakültəsinin müəllimi Zahid Qənbərovun “Məntiq test toplusu” kitabının təqdimat mərasimi olub. Tədbiri giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirmişdir ki, Zahid Qənbərov artıq 2 test kitabının, 2 test bankının və 1 dərs vəsaitinin müəllifidir.Onun müəllifi olduğu vəsaitlər oxucu kütləsi arasında çox geniş yayılmaqdadır. Bu günlərdə isə müəllifin “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində “Məntiq test toplusu” adlı kitabı işıq üzü görüb.
Tədbirdə çıxış edən universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu bildirmişdir ki, dərs vəsaiti magistraturaya və dövlət qulluğuna qəbul imtahanları proqramı əsasında hazırlanmışdır.Verilmiş testlərdən istifadə etməklə tələbələr təməl məntiqi düşünmə biliklərini möhkəmləndirməklə yanaşı, eyni zamanda öyrənmənin yeni forma və metodlarına da yiyələnəcəklər. Test vəsaitindən ali məktəb tələbələri,magistrantlar dövlət qulluğuna hazırlaşanlar ,müəllimlər və məntiq elminə maraq göstərən bütün şəxslər istifadə edə bilərlər.
Sonra İqtisadiyyat kafedrasının müdiri, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru,dosent Dilsuz Qasımovun, həmin kafedranın müəllimi,riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elşad Ağayevin, “Naxçıvan” Universiteti kitabxanasının əməkdaşı, magistr Aygün Kürdovanın və universitetin Tələbə Gənclər Təşkilatının sədri, İqtisadiyyat ixtisasının IV kurs tələbəsi Sənan Əhmədovun çıxışları dinlənilmişdir.