Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin əməkdaşları “Naxçıvan” Universitetinin tələbələri ilə görüşüb. “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası istiqamətində universitetlərlə birgə hazırlanmış 2019-2020-ci tədris ili üçün tədbirlər planına uyğun olaraq fevralın 28-də “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə universitetin İqtisadiyyat fakültəsinin dekanı Zakir Məmmədov açaraq bildirib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.
Daha sonra “Vergi bəyannamələri, onların təqdim edilmə qaydaları və müddətləri” mövzusunda Dövlət Vergi Xidmətinin əməkdaşı İsmayıl Bağırovun slaydlar vasitəsi ilə təqdim etdiyi məruzə dinlənilib. Tələbələrə vergiödəyicilərinin vergi öhdəliklərinə görə təqdim etməli olduğu bəyannamələrin formaları və göndərilmə qaydası haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, vergi.nakhchivan.az internet səhifəsindən İnternet Vergi İdarəsi portalına daxil olmaqla bu əməliyyatları real vaxt rejimində yerinə yetirmək mümkündür.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.