Tələbələr Ahıllar evinin sakinlərinə bayram sovqatı aparıblar
"Naxçıvan" Universitetinin müəllim və tələbə heyəti Şahbuz şəhərindəki Ahıllar evində olublar. Görüşdə Ahıllar evinin direktoru Ülviyyə Quliyeva və universitetin "Pedaqogika və psixologiya" kafedrasının baş müəllimi Nübar Səfərli ümumxalq bayramı olan Novruz münasibətilə sakinlərə təbriklərini çatdırıb, el bayramının əhəmiyyətindən söz açıblar. Bildiriblər ki, milli-mənəvi dəyərlərimizi yaşadan Novruzda insanlar ahılları, yaşlıları, valideynləri ziyarət edər, onlara bayram sovqatları apararlar. Bu birlik və bərabərlik xalqımıza məxsus ən ali dəyərlərdəndir. Sevindirici haldır ki, çağdaş dövrdə də bu dəyərlərimiz yaşadılır, həm də gənclərimizə aşılanır.
Sonra tələbələrin ifasında rəqs və mahnı nömrələri ifa olunub, ahılların asudə vaxtı səmərəli təşkil edilib.
Birlik-bərabərlik simvolu olan, milli dəyərlərimizi özündə əks etdirən Novruz bayramını ilk olaraq yaşlılarımız ilə keçirmək hər birimiz üçün çox xoş oldu. Tədbirlərimiz davamlı olacaq!