Əziz professor-müəllim heyəti, tələbə, magistr və doktorantlarımız!
Hörmətli "Naxçıvan" Universitetinin kollektivi!
Sizi xalqımızın ən əziz və qədim bayramlarından biri – təbiətin və ruhun yenilənməsinin simvolu, sülh, barış və firavanlığın təcəssümü olan Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, əmin-amanlıq, elmi-pedaqoji fəaliyyətinizdə, təhsilinizdə və şəxsi işlərinizdə yeni-yeni uğurlar arzulayıram!
Əsasən yaxın şərq ölkələrində, xüsusilə türk xalqlarında, o cümlədən də Azərbaycanda təntənəli şəkildə qeyd olunan Novruz bayramı xalqımızın özü kimi qədim tarixi köklərə malik olub onun mənəvi dünyasının, zəngin mədəniyyətinin parlaq güzgüsüdür.
Bu milli bayram Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin səyi nəticəsində yeni status qazandı və dövlət səviyyəsində rəsmi olaraq geniş miqyasda qeyd edilməyə başlandı. İndiki dövrdə isə xalqımızın mədəniyyətinə böyük həssaslıqla yanaşan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davamlı qayğısı ilə Novruz ölkəmizdə ümumxalq bayramı kimi həmişə yüksək təmtəraqla keçirilir.
Qürurvericidir ki, artıq üçüncü ildir Novruz bayramı gözəl Qarabağımızda, Şuşamızda da təntənə ilə qeyd olunur. Bu Zəfəri, xoş anları bizə yaşatdıqlarına görə torpaqlarımızın azadlığı, vətənimizin müstəqilliyi uğrunda qurban gedən şəhidlərimizin xatirəsini bayram günü bir daha ehtiramla yad edir, ruhları şad olsun!-deyirəm. Şəhid ailələrinin üzvlərini, qazilərimizi, Azərbaycançılıq məfkurəsi ətrafında, milli həmrəylik duyğusu ilə sıx birləşən bütün soydaşlarımızı, NU ailəsini Novruz bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, ən xoş bayram arzularımı bildirirəm.
Həmrəyliyimizin rəmzi olan bu bayram qoy hər evə xoş ovqat, sevinc, ruzi-bərəkət bəxş eləsin. Hər birinizə təhsilimizin inkişafı yolunda uğurlar arzulayıram!
Novruz bayramınız mübarək!