“Ümummilli Liderin siyasi hakimiyyətinin Naxçıvan dövrü” mövzusunda keçirilən açıq dərsi Ümumi tarix və Beynəlxalq münasibətlər kafedrasının müdiri, t.ü.f.d Mehman Şabanov aparıb.
Heydər Əliyev irsinin tələbələrə öyrədilməsi istiqamətində keçirilən dərsdə “Tarix müəllimliyi” ixtisasının tələbələri iştirak edib.
Mehman Şabanov XX əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəlləri bütün Azərbaycanda, о cümlədən onun tərkib hissəsi olan Naxçıvandakı ictimai-siyasi hadisələrdən bəhs edib. Bildirib ki, həmin dövrlərdə Naxçıvanda xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə başa çatdırmaq üçün Ulu Öndərin siyasi təcrübəsinə, diplomatik qabiliyyətinə ehtiyac var idi. Belə ki, onun siyasi fəaliyyəti sayəsində Naxçıvan MSSR Ali Sovetinin adı dəyişərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılıb, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərarlar qəbul olunub. O, bütün həyatı boyunca vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmin edilməsi üçün əlindən gələni əsirgəməyib.
Dərsdən sonda şagirdlərə dahi şəxsiyyətin zəngin ömür yolu, çoxcəhətli siyasi və dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar barəsində məlumat verilib.