“Naxçıvan” Universitetində “Qalib ölkənin qalib sərkərdəsi” adlı konfrans keçirilib




Bu gün “Naxçıvan” Universitetində “Pedaqoji” fakültənin təşkilatçılığı ilə Zəfər Gününün üçüncü ildönümünə həsr edilmiş “Qalib ölkənin qalib sərkərdəsi” mövzusunda elmi-praktik konfrans keçirilib. Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
Konfransda çıxış edən “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Nurlana Əliyeva Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman Ordumuzun gücü, qüdrəti ilə Vətən müharibəsi zamanı Böyük Zəfər qazandığımızı, torpaqlarımızın işğaldan azad olunduğunu bildirib. Vurğulanıb ki, bu Qələbə xalqımızın vətənpərvərliyini, qəhrəmanlığını dünyaya göstərdi. Biz Zəfərimizlə sonsuz qürur duyuruq.
“Tarixi şəxsiyyət və lider : İlham Əliyev” adlı məruzə ilə çıxış edən Pedaqoji fakütlə dekanı, dosent Lalə Allahverdiyeva Prezident İlham Əliyev iyirmi illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə
yerinə yetirdiyini qeyd edib. Bildirib ki, bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir ordumuz yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Ən əsası isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib və Ulu Öndərin torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusu həyata keçirilib.
“Ümumi tarix və beynəlxalq münasibətlər” kafedrasının müəllimi, dosent Elçin Zamanov, “ Pedaqogika və psixologiya” kafedrasının müəllimi Nübar Səfərli, universitetimizin tələbələri İbrahim Məmmədov və Elnurə Vəlizadə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Böyük Zəfərin tarixi əhəmiyyətindən bəhs edib, Qələbəmizlə xalqımızın şərəfli tarix yazdığını bildiriblər. Vurğulanıb ki, torpaqlarımızın azad olunması yolunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi daim ürəklərdə yaşayacaq.
Sonra 8 Noyabr – Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş olunub.