“Naxçıvan” Universitetində “Bilik günü” qeyd olunub






“Naxçıvan” Universitetində “Bilik günü” və 2023/2024-cü tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.
Universitetin professor-müəllim heyətinin, tələbə və valideynlərin iştirak etdiyi tədbirdə ilk olaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən “Naxçıvan” Universitetinin rektoru dosent Anar Kazımov “Bilik günü” və yeni tədris ilinin başlanması münasibətlə universitetin professor-müəllim heyətini, tələbələri və valideynləri təbrik edib. 2023-cü ildə tələbə adını qazanaraq universitetə qəbul olan birinci kurs tələbələrini, onların valideynlərini və müəllimlərini ayrıca təbrik edən rektor Anar Kazımov “Naxçıvan” Universitetini seçdikləri üçün onlara bütün kollektiv adından təşəkkürünü bildirib.
Universitetdə son aylarda gedən köklü dəyişiklikləri qeyd edən Anar Kazımov bildirib ki, “Naxçıvan” Universitetində təhsilin səviyyəsi, burada tələbələrin biliklərə yiyələnməsi üçün yaradılan şərait hər zaman diqqət mərkəzində saxlanılır. Buna görə də rektor universitetin təsisçisinə və onun nümayəndəsinə təşəkkür edib.
Universitetin potensialı istiqamətində mütəmadi olaraq işlər görüldüyünü deyən Anar Kazımov bu il universitetə qəbul sayının ötən illərlə müqayisədə daha da artdığını diqqətə çatdırıb.
Universitetlər arasında elm, təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edən Anar Kazımov 2 sentyabr 2023-cü il tarixində ADA Universiteti ilə “Naxçıvan” Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsindən söz açıb. Bildirib ki, ADA ilk dəfədir ki, yerli bir universitetlə belə müqavilə imzalayır. Bu universitetimiz üçün mühüm bir addımdır. Belə ki, artıq tələbəmiz Oğuz Məmmədov bir semestr ərzində ADA Universitetində təhsil almaq şansı əldə edib. Qeyd etdiyim kimi, ölkə ali təhsil müəssisələri arasında ADA Universiteti ilə tələbə mübadiləsini həyata keçirən ilk universitet “Naxçıvan” Universiteti olub. Yaxın gələcəkdə isə əlaqələrin daha da intensivləşməsi üçün birgə daha çox işlər görülməsi planlaşdırılıb.
“Naxçıvan” Universitetinin UNEC ilə imzaladığı ikili diplom və tələbə mübadiləsi haqqında müqaviləyə diqqət çəkən Anar Kazımov qeyd edib ki, əməkdaşlıq çərçivəsində artıq yeni tədris ilindən etibarən UNEC ilə də birgə tələbə mübadiləsinə start veriləcək. ADA Universitetində olduğu kimi, yeni tədris ilində bizim tələbələrimiz bir semestr ərzində UNEC-də də təhsil ala biləcəklər. Ümumiyyətlə, “Naxçıvan” Universiteti tələbələrə təhsil və elmi-tədqiqatlarla bağlı geniş imkanlar açır desək, yanılmarıq.
Yaxın günlərdə Bakı Dövlət Universitetində olduqlarını bildirən Anar Kazımov BDU-nun rektoru , hörmətli Elçin müəllimlə maraqlı fikir mübadiləsi apardıqlarını və konkret istiqamətlər üzrə faydalı əməkdaşlığa dair razılıq əldə olunduğunu bildirib.
Rektor universitetdə tələbə idarəetməsinin vacibliyini vurğulayaraq müasir universitet həyatının formatının tələbəyönümlü fəaliyyət olduğunu qeyd edib. Bildirib ki, “Naxçıvan” Universitetində son aylarda həyata keçirilən bütün dəyişikliklər tələbəyönümlü fəaliyyətə xidmət edir. Universitetdə tələbə mobilliyini artırmaq, tələbə mübadiləsi yolu ilə onların dünyanın başqa ali məktəblərində təhsil almalarını, eləcə də digər universitetlərin tələbələrinin buraya cəlb olunmasını təmin etmək istiqamətində əhəmiyyətli addımlar atılmaqdadır.
Əsas hədəfin “Naxçıvan” Universitetini ölkənin inkişaf etmiş universitetləri səviyyəsinə çatdırmaqdan ibarət olduğunu qeyd edən rektor Anar Kazımov bu istiqamətdə mühüm addımlar atıldığını qeyd edib. Bildirib ki, artıq universitetimizn beynəlxalq əlaqələləri də genişlənir. Belə ki, qardaş Türkiyə universitetləri ilə ikili diplom proqlamları hazırlanır. Eyni zamanda, universitetimizdə tədris prosesinə onlayn və offlayn (üz-üzə) formada olmaqla qardaş Türkiyə universitetlərindən təcrübəli alimlər də cəlb edilib.
Daha sonra çıxış edən “Naxçıvan” Universitetinin Xarici dillər fakültəsinin tələbəsi, “Heydər Əliyev” təqaüdçüsü Səkinəxanım Qurbanlı və valideynlər adından çıxış edən Pərviz Novruzov tələbələri "Bilik günü” münasibəti ilə təbrik edərək, onlara uğurlar arzulayıb.
Tədbir tələbələrin ifasında maraqlı çıxışlarla yekunlaşıb.