Litva və Latviya Respublikalarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri "Naxçıvan" Universitetində olublar.
Sentyabrın 9-da Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas və Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs "Naxçıvan" Universitetində olublar.Qonaqları Universitetin rektoru professor İsmayıl Əliyev salamlayaraq, "Naxçıvan" Universiteti haqqında geniş məlumat vermişdir.
Qeyd olunmuşdur ki, "Naxçıvan" Universiteti 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamışdır. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır.
Universitetdə 4 fakultə, 9 kafedra, 5 şöbə fəaliyyət göstərir. Hazırda universitetin 1000 nəfərə yaxın tələbəsinin təhsili ilə 81 nəfər müəllim məşğuldur. Professor- müəllim heyətinin 2 nəfəri AMEA-nın üzvü, 3 nəfəri elmlər doktoru-professor, 29 nəfəri fəlsəfə doktoru, dosentlərdir. Universitetdə 14 ixtisas üzrə bakalavr, 4 ixtisas üzrə magistr hazırlığı aparılır. Universitet zəngin maddi-texniki bazaya malikdir. 7 binadan və yardımçı qurğulardan ibarət möhtəşəm universitet şəhərciyi salınmışdır. Arxitektura və pedaqoji baxımından mükəmməl olan tədris korpusları, yüksək zövqlə dizayn edilmiş mühazirə və məşğələ otaqları, kabinə və mərkəzlər mövcuddur. Elektron təhsil üçün infrastruktur yaradılmışdır. Elektron zalları, zəngin kitab fondu olan elmi kitabxana, yaraşıqlı idman kompleksi və konfrans zalı, həmçinin üçmərtəbəli sosial xidmət mərkəzi fəaliyyət göstərir.
Universitet dünyanın 51 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Üç beynəlxalq təhsil təşkilatının üzvüdür. Beynəlxalq proqramlarda və layihələrdə iştirak edir.
Sonra qonaqlar universitet şəhərciyi ilə tanış olmuşlar.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi