Məşğələni giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açıb.O, ölkəmizin tarixində çox mühüm hadisə olan və Azərbaycanın müstəqilliyinin qorunmasını təmin edən Milli Qurtuluş Günü barədə ətraflı məlumat verib, ulu öndərimizin ölkəmizdə ictimai-siyasi sabitliyin yaradılması, xalqın birliyinə nail olunması, iqtisadiyyatımızın dinamik inkişaf yoluna çıxarılması istiqamətində genişmiqyaslı və qlobal əhəmiyyət daşıyan fəaliyyətindən danışıb.
Rektor ümummilli liderin müasir Azərbaycan dövlətinin ideoloji - siyasi əsaslarını yaradan bir şəxsiyyət kimi bugünkü və gələcək nəsillər tərəfindən həmişə minnətdarlıq hissi və dərin ehtiramla xatırlanacağını vurğulayaraq deyib ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Məşğələdə tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Ümummilli lider Heydər Əliyev: Qayıdışdan Qurtuluşa” mövzusunda məruzə edib. Məruzədə qeyd olunub ki, Milli Qurtuluşdan ötən 23 il ərzində Azərbaycan yüksək inkişaf yolu keçib, bütün sahələrdə böyük uğurlar qazanılıb, ölkəmiz dünya dövlətləri sırasında öz layiqli yerini tutub. Bu yüksəliş, inkişaf və tərəqqi müstəqil Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Gününün bəhrələridir. 1993-cü ilin 15 iyun günü böyük xilaskarlıq missiyasının başlanğıcı, Milli Qurtuluş Günü kimi Azərbaycan xalqının tarixinə yazılıb. Həmin gün xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər bütün qüvvəsini Vətənimizin üzləşdiyi bəlalardan, xalqımızı çətin günlərdən xilas etməyə yönəldib.
Məruzəçi bildirib ki, Azərbaycana ikinci rəhbərliyi dövründə ümummilli liderimiz neçə-neçə qərinəyə sığmayan böyük işlər görüb, ölkə həyatının bütün sahələrində əsaslı dönüşə nail olunub, iqtisadi inkişaf təmin edilib. Bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə uğurlar qazanılır. İnkişaf və intibah dövrünü yaşayan Azərbaycan dünyanın diqqət mərkəzinə çevrilib.
Diqqətə çatdırılıb ki, blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Muxtar Respublikası da bu gün sürətlə inkişaf edir, şəhər, qəsəbə və kəndlər yenidən qurulur. Qədim Naxçıvanın müdafiə qabiliyyəti gücləndirilib, makroiqtisadi sabitlik bərqərar olunub, iqtisadi inkişaf təmin edilib, əhalinin yaşayış səviyyəsi yaxşılaşdırılıb. Bütün bunlar ulu öndər Heydər Əliyev yoluna sədaqətin və Milli Qurtuluşun bəhrələridir.
Tədbirdə görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən slayd nümayiş etdirilib.