Keyfiyyətin Təminatı Mərkəzi haqqında

      Təhsildə keyfiyyət təhsil sisteminin ən əsas anlayışlarından və qarşıda duran əsas məsələlərindən biridir, daha doğrusu birincisidir. Məhz buna görə də təhsildə ən çox işlənən ifadələrdən biri və əldə edilməsi ən çox arzuolunan xassələrdən biri keyfiyyətdir. İnsan fəaliyyətinin bütün sahələrində olduğu kimi təhsildə də kеyfiyyət anlayışına müxtəlif yanaşmalar mövcuddur. Təhsildə “keyfiyyət” yüksək standartlara malik olmaqdır, fərqli, istisna xüsusiyyətdir, mükəmmələ doğru addımlamaq deməkdir. Keyfiyyət gözəgörünən nöqsanların olmaması deməkdir. Keyfiyyət hər kəsin öz işində məsuliyyətini dərk etməsi, ali məktəbdə iş mədəniyyətinin hökm sürməsi deməkdir. Bu cəhətdən keyfiyyət asan izah olunan, lakin çətin əldə ediləndir. Yəni, keyfiyyət bir prosesdir və bu baxımdan keyfiyyətin artırılması konsepsiyası keyfiyyətin təminatı və ya keyfiyyətə nəzarətdən daha vacibdir.

    Ali məktəb insan gücü yetişdirir və bilik istehsal edir. Ona görə ali məktəbin səviyyəsi bir tərəfdən bu prosesin nə dərəcədə dəqiq və səlist işləməsi ilə, digər tərəfdən isə prosesin nəticəsi ilə, yəni məzunların səviyyəsi ilə, verilən diplomun gücü ilə müəyyən edilir. Ali məktəb tədris prosеsindəki imtahanlar silsiləsi və digər tələbatlar ilə tələbənin məzuna, yəni mütəxəssisə çеvrilməsi yolunda sanki süzgəclər qoymuş olur. Ali məktəbin gücü və səviyyəsi bu süzgəclər silsiləsinin ciddiliyi və dəqiqliyi ilə birbaşa bağlıdır və bu, təhsildə keyfiyyətin yüksəldilməsinin əsas yoludur.

 Hal-hazırda ölkəmizdə təhsil siyasəti uğurla həyata keçirilir. Naxçıvan Muxtar respublikasında bütün sahələrlə yanaşı, ali təhsil sahəsindəki uğurlar da diqqətəlayiqdir. Lakin böyük uğurlar əldə etmək üçün zaman lazımdır və bu yolda hər bir ali məktəb öz töhfəsini verməlidir. “Naxçıvan” Universiteti də dünya təcrübəsindən yararlanaraq universitetdə təhsilin keyfiyyətini yüksəltmək və ümumilikdə Azərbaycanda bu prosesin həyata keçirilməsinə dəstək olmaq məqsədi ilə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Belə ki, qədim diyarda təhsil sahəsinə göstərilən diqqətdən “Naxçıvan” Universiteti də öz payını alıb. Universitetdə müasir şərait yaradılıb, Ali Məclisin Sədrinin diqqət və qayğısı ilə ali təhsil ocağının maddi-texniki bazası gücləndirilib. Universitetdə Keyfiyyət Təminatı Mərkəzi yaradılıb. Mərkəzin yaradılmasında məqsəd tələbə yönümlülük, tədrisdə və öyrənmədə geridönümlülük və rəy mexanizmlərinin formalaşdırılması və istər akademik, istərsə də inzibati heyətin peşəkarlığının təmin olunmasından ibarətdir. Universitetinin beynəlmiləşməyə və beynəlxalq keyfiyyət standartlarına nail olmağa olan böyük istəyini nəzərə alaraq bu yöndə addımların atılması zərurətindən, həmçinin qarşıya qoyulan məqsədlərin müəyyənləşdirilməsi, həmin məqsədlərə nail olunması, habelə universitetin davamlı inkişafının təmin edilməsi məqsədi ilə keyfiyyət təminatı sisteminin qurulması məqsədəuyğundur. Belə bir sistemin qurulması hesabatlılığın artırılması və prioritetlərin müəyyən olunması baxımından da mühüm rol oynayır. “Naxçıvan” Universiteti uğurlu keyfiyyət təminatı sistemi yaradılması ilə universitetin beynəlxalq keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsinə, təhsilin keyfiyyətinin yüksəldilməsinə, əmək bazarı üçün yüksək səviyyəli mütəxəssislərin hazırlanması və beləcə universitetin ictimai reputasiyasının çoxaldılmasına, idarəçiliyin keyfiyyətinin yüksəldilməsinə, universitet daxilində hesabatlılığın və davamlı monitorinqin təmin olunmasına, heyətin məsuliyyətinin yüksəldilməsinə, universitetin cəmiyyətə verdiyi töhfələrin artırılmasına nail olmağı hədəfləyir.