Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 80 adda 129 sayda kitab “Naxçıvan” Universitetinin “Dinşünaslıq” ixtisasının kitabxanasına hədiyyə olunub.
Bununla bağlı kitabxanada yeni kitabların təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Tədris işləri üzrə prorektor Hüseyn Bağırsoylu hədiyyə olunan kitabların əhəmiyyətindən danışmış və universitetə göstərilən diqqətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə unversitet kollektivi adından minnətdarlığını bildirmişdir.
Sonra Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev geniş çıxış edərək bildirmişdir ki, 2018-ci il Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı elan olunub. Bu gün dünyada baş verən dini münaqişələr, terrorizm yüksək ixtisaslı, dini təhsil alan kadrlara ehtiyac yaradır. Radikal və dini nifrət yayan cərəyanlara, uydurma dini təriqətlərə, zərərli dini ideyalara qarşı mübarizədə, din-dövlət münasibətlərinin tənzimlənməsində, İslamın mahiyyətinin insanlara çatdırılmasında ixtisaslı din xadimlərinə ehtiyac vardır. “Naxçıvan” Universitetində “Dinşünaslıq” ixtisası da bu məqsədlə açılıb. Elə bu gün kitabxananın dini kitablarla zənginləşdirilməsi də bu məqsədə xidmət edir. Bu muxtar respublikada dini dəyərlərə verilən qiymətin və dini abidələrə göstərilən qayğının nəticəsidir.
Tədbirin sonunda tələbələr hədiyyə olunan yeni kitablarla tanış olmuşdur.