“Naxçıvan” Universitetində keçirilən tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetinin rektoru Nurlana Əliyeva I kursa yeni qəbul olunmuş tələbələri təbrik edərək onlara universitet haqqında məlumat verib. Bildirib ki, 1500-dən çox tələbənin təhsil aldığı ali təhsil ocağında 4 fakültə, 10 kafedra fəaliyyət göstərir, 22 ixtisas üzrə bakalavr, 8 ixtisas üzrə magistr, 14 ixtisas üzrə isə doktorant və dissertant təhsil alır. Rektor qeyd edib ki, universitetdə tədrisin təşkilində İKT-dən istifadəyə xüsusi diqqət yetirilir. 2021-2022-ci tədris ilində “Naxçıvan” Universitetində də STEAM layihəsi çərçivəsində eyniadlı mərkəz yaradılıb. Bu imkanlardan yararlanan universitetin komandaları STEAM təhsil festivalında II və III yerlərin qalibi olublar.
2022-2023-cü tədris ilindən başlayaraq bakalavriat səviyyəsində üç yeni ixtisasın da açıldığını diqqətə çatdıran rektor ali təhsil ocağının dünyanın 52 universiteti ilə tədris və elmi sahədə əlaqə saxladığını vurğulayıb. Bildirilib ki, cari ildə “Naxçıvan” Universiteti ilə Türkiyənin İqdır Universiteti arasında “Erasmus+” proqramı və akademik əməkdaşlığı əhatə edən ikili diplom proqramı layihəsi çərçivəsində müqavilə imzalanıb.
Nurlana Əliyeva yeni tədris ilinin başlanması münasibətilə kollektivi təbrik edib, tələbələrə tədrislərində uğurlar arzulayıb.