Naxçıvan Universitetinin iştirak etdiyi AESOP Erasmus plus layihəsi çərçivəsində yaradılacaq Tələbə Ombudsman Aparatı haqqında bütün fakültələrdə silsilə şəklində məlumatlandırma günləri keçirilir. “Naxçıvan” Universitetində iştirak etdikləri Erasmus plus layihəsinə əsasən 2018-ci ildən etibarən Varşava modelinə uyğun Ombudsmanlıq ofisi yaradılacaq.
İlkin olaraq İdarəetmə fakültəsinin tələbələri üçün keçirilən məlumatlandırma günündə rektor İsmayıl Əliyev çıxış edərək tələbələrə istiqamət verdi, Sonra isə layihə koordinatoru Elmira Hüseynova ombudsman, onun universitetdə mövqeyi, ombudsmanın fəaliyyət sahələri və səlahiyyətləri haqqında geniş məlumat verdi, tələbələrin Ombudsman aparatı vasitəsilə hüquqlarının müdafiəsindən danışdı, ombudsmanın tələbələr üçün nə əhəmiyyət daşıdığını izah etdi və onların suallarını cavablandırdı.
Elmira Hüseynova eyni zamanda tələbələrə xaricdə təhsil haqqında da məlumat verdi və tələbə mobilliyi üzrə görülən işlərdən danışdı.
Sonda isə Naxçıvan Universitetində yaradılan İdrak Hazırlıq Mərkəzinin direktoru Könül Babayeva mərkəzin gördüyü işlər və təlim sahələri üzrə təqdimat etdi.
Məlumatlandırma günlərinin noyabrın 23-ü İqtisadiyyat fakültəsində, noyabrın 28-i Pedaqoji fakültədə və noyabrın 30-u Xarici Dillər fakültəsində də keçirilməsi planlaşdırılır.