Ali təhsil ocağında 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. Nəzərinizə çatdıraq ki, 05.01.2022-ci il tarixindən başlayan imtahanlar əyani formada keçirilir.
“Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva imtahanların gedişini izləmək məqsədilə bu gün universitetin tədris korpuslarına baş çəkib, vəziyyətlə əyani tanış olub. Rektor professor-müəllim heyəti ilə görüşü zamanı onları tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və imtahanlarda şəffaflığın təmin edilməsi üçün bütün imkanlardan maksimum səmərəli istifadə etməyə çağırıb.
İmtahanlarda tələbələrə və professor-müəllim heyətinə uğurlar arzulayan rektor Nurlana Əliyeva imtahan sessiyasının davam etdiyi müddət ərzində prosesə gündəlik nəzarət edəcəyini, neqativ hallara yol verən şəxslərin ciddi cəzalandırılacağını bildirib.
Qeyd edilib ki, imtahanlarda 1388 bakalavr, 38 magistrant iştirak etməlidir ki, bunlardan fənlər üzrə davamiyyətsizliyi 25%-dən artıq olan 67 nəfər tələbə imtahanlara buraxılmayıb.
Universitetdə imtahanlar iki növbədə (I növbə, II növbə) keçirilir. Tələbələrin biliyinin qiymətləndirilməsində müxtəlif formaların tətbiqinin əhəmiyyətini nəzərə alaraq, imtahanların qəbulu 420 qrup üzrə yazılı 207 qrup üzrə test və 3 imtahan isə(“Dinşünaslıq” ixtisasında “Quran oxuma və təcvid”) şifahi formada təşkil olunur.
Magistratura səviyyəsində isə ümumilikdə 92 imtahan keçirilməsi nəzərdə tutulub ki, bu imtahanların hamısı yazılı formada aparılır.
Sessiya dövründə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər tədbirləri həyata keçirmək məqsədilə 6 nəfərdən ibarət Operativ Qərargah yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin araşdırılması məqsədilə Qərargahın nəzdində Apelyasiya Komissiyası fəaliyyət göstərir.
Tələbələrin imtahanlara hazırlığının səmərəli təşkili üçün universitetin Elmi kitabxanası da gücləndirilmiş iş rejiminə keçirilib. Diqqətinizə çatdıraq ki, Elmi kitabxanada müasir oxu zalları və elektron kitabxana tələbələrin ixtiyarına verilib.
Payız semestrinin imtahan sessiyası yanvar ayının sonunadək davam edəcəkdir.