“Naxçıvan” Universitetində Beynəlxalq elmi konfrans keçirilib.
“Beynəlxalq İpək Yolu və Naxçıvan” adlı elmi konfransa AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, İğdır Universiteti, Atatürk Universiteti, Milli Savunma Universiteti, Erzincan Binali Yıldırım Universiteti, Bilecik Şeyh Edebali Universitetinin akademik heyət üzvləri və alimləri qatılıb və 150 məqalə daxil olub.
Plenar iclasa başlamazdan əvvəl konfrans iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edərək gül dəstələri qoyub, görkəmli dövlət xadiminin adını daşıyan muzeyə gələrək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Daha sonra isə plenar iclas öz işinə başlayıb.
Açılış-plenar iclasında çıxış edən “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva qonaqları salamlayaraq bu mötəbər elmi konfransa uğurla ev sahibliyi edəcəklərindən əminliyini ifadə edib. Konfransın mövzusunun aktuallığını vurğulayan N. Əliyeva bildirib ki, "Böyük İpək yolu» uzun əsrlər boyu Şərq ilə Qərb ölkələrinin iqtisadi, ticarət və mədəni əlaqələrin inkişafına görə misilsiz əhəmiyyətə malik olub. Bu yol Çini Orta Asiya vasitəsilə Yaxın Şərq, Qara dəniz, Xəzər dənizi və Aralıq dənizi ilə birləşdirən karvan yolu olub. Bu yolun əhəmiyyəti yalnız beynəlxalq ticarətlə məhdudlaşmır. Bu yolla Şərqdən Qərbə və əksinə hərəkət edən ticarət karvanlarının Azərbaycanda ticarətin, sənətkarlığın, elmin, təhsilin, mədəniyyətin inkişafına təsiri inkarolunmaz faktdır. Belə ki, Böyük İpək yolu vasitəsilə müxtəlif ticarət malları ilə birlikdə elmi və ədəbi əsərlər də aparılır, başqa ölkələrdə yayılırdı. Görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri məhz bu yolla digər ölkələrdə yayılıb, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkir oğlu Naxçıvaninin yaradıcılığından bu yolla bölgəyə gələn sənətkarlar xəbər tutub, öz yaradıcıqlarında bu abidələrin təsirindən bəhrələniblər.
Rektor tarixi İpək Yolunun bərpası təşəbbüsünün ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıraraq bildirib ki, strateji cəhətdən əhəmiyyətli olan bu layihənin həyata keçirilməsində ən fəal tərəf Azərbaycan olub. Belə ki, ulu öndərin “Tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfransın keçirilməsi haqqında” imzaladığı 7 iyun 1998 ci il tarixli Sərəncamı Azərbaycanın dünya birliyi ölkələri ilə inteqrasiyasının gücləndirilməsində müstəsna rol oynayıb. Həmçinin N. Əliyeva tarixi İpək Yolunun bərpasının dövlətimiz üçün iqtisadi faydasından və perspektivlərindən də bəhs edib.
Naxçıvanı Böyük İpək yolu üzərində ticarət, sənətkarlıq və mədəniyyət mərkəzi kimi xarakterizə edən rektor bu tarixi yolun Naxçıvanın digər ölkələrlə mədəni-iqtisadi əlaqələrinin inkişafındakı rolundan bəhs edib. Vurğulayıb ki, Beynəlxalq İpək yolu ticarətin inkişafına xidmət etməklə yanaşı, həm də bir sıra ölkələr və xalqlar arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayıb.
Plenar iclasda İğdır Universitetinin rektoru prof. Dr. Mehmet Hakkı Alma, Bilecik Şeyh Edebali Universitetinin rektoru Prof. Dr. Beydemir Şükrü çıxış ediblər. Naxçıvan Dövlət Universitetinin rektoru Dos. Elbrus İsayev "Böyük İpək yolu və Naxçıvan", Milli Savunma Universitetinin professoru, Dr. İbrahim Ethem Atnur "Yüzillik bir arzu: Zəngəzur koridoru və Naxçıvanın stratejik mövqeyi", AMEA A. Bakıxanov adına Tarix İnstitutu Elmi işlər üzrə direktor müavini Dos. Tofiq Nəcəfli " Böyük İpək Yolunun Azərbaycan şəhərlərinin inkişafında rolu", Ərzurum Atatürk Üniversitetinin professor, Dr. Kerem Karabulut "Zəngəzur koridoru: İğdır, Naxçıvan dəmir yolunun önəmi" mövzularında məruzə ediblər. Məruzələrdə Naxçıvanın Böyük İpək yolu üzərində yerləşən mühüm geosiyasi, starteji və coğrafi məntəqə kimi rolundan, eləcə də 44 günlük Vətən müharibəsindən sonra müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin iradəsi nəticəsində açılması planlaşdırılan Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs olunub. Qeyd olunub ki, strateji əhəmiyyəti ilə seçilən qədim Naxçıvan bu gün də yeni geosiyasi dəyişikliklərin mərkəzindədir. Belə ki, şanlı zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra müzəffər Ali Baş Komandanın siyasi iradəsi və uzaqgörənliyi sayəsində açılması planlaşdırılan Zəngəzur dəhlizi Naxçıvanın bölgədəki əhəmiyyətini daha da artıracaq. Dəhlizin açılması ilə nəinki muxtar respublikanın Azərbaycanın qərb rayonları ilə olan nəqliyyat-kommunikasiya əlaqələri bərpa olunacaq, eyni zamanda qədim diyar Türk dünyasını birləşdirən, irimiqyaslı iqtisadi layihələrin həyata keçiriləcəyi logistik mərkəz funksiyasını icra edəcək.
Beynəlxalq elmi konfrans hədiyyələrin təqdimatından sonra bədii hissə ilə davam edib.
Konfrans öz işini beş bölmədə( Beynəlxalq münasibətlər və iqtisadiyyat; Tarix, arxeologiya və etnoqrafiya; Filologiya və folklorşünaslıq; Mədəniyyət və təhsil; Coğrafiya) keçirilən iclaslarla uğurla yekunlaşdırıb. Bölmə iclaslarında "İkinci Qarabağ müharibəsi, yeni geosiyasi reallıqlar və Naxçıvan məsələsi", "Regional tarazlığın təmin edilməsində beynəlxalq yükdaşımaların rolu", "Tarixi İpək yolu və Azərbaycanın iqtisadi regionları", "Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının investisiya təminatında İpək yolunun təsir effektləri", "Naxçıvanın İpək yolu ticarətindəki tarixi yeri və önəmi", “Zəngəzur dəhlizi, ipək Yolu: maraq, mənafe və ziddiyyətlər”, "Böyük İpək Yolunun Naxçıvanın ədəbi mühitinə təsiri", “Azərbaycan Respublikasında dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında İpək Yolu iqtisadi kəmərinin rolu”, "Zəngəzur dəhlizinin açılması və İpək yolunun bərpasının aqrar sektorun inkişaf amili kimi ", "Böyük İpək Yolunun Azərbaycanın etnomədəni həyatında rolu" və digər mövzularda məruzələr dinlənilib və müzakirələr aparılıb.