Çin Xalq Respublikasının “Huawei” şirkəti və Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublikada “Gələcəyin İKT sahəsindəki toxumları” adlı ikinci proqram-layihə həyata keçirilmişdir. İyunun 1-də bu münasibətlə “Naxçıvan” Universitetində keçirilən tədbirdə “Huawei” Şirkətinin Bakı şəhərində yerləşən baş ofisinin direktoru Çao Zeyol proqram-layihə haqqında tələbələrə ətraflı məlumat verib. O bildirib ki, 40 tələbənin qatıldığı proqram-layihə çərçivəsində komissiya üzvləri informasiya-kommunikasiya texnologiyaları sahəsində biliyə malik olan və ingilis dilində kifayət qədər özünü təqdimetmə bacarığı olan ən yaxşı 12 tələbəni seçərək Çin Xalq Respublikasına istehsalat təcrübəsinə göndərəcək. Bu layihə çərçivəsində tələbələr əvvəlcə Pekinə gedərək Çin mədəniyyəti ilə tanış olacaqlar. Daha sonra onlar “Huawei” şirkətinin Şenjen şəhərində yerləşən baş qərargahında informasiya-kommunikasiya texnologiyalarının öyrənilməsi və istehsalı üzrə təlimlərdə iştirak edəcəklər. “Naxçıvan” Universitetini təmsil edən 8 tələbədən 4 nəfəri: Fidan Məmmədova (Xarici dillər fakültəsi), Nail Novruzov (Xarici dillər fakültəsi) Pərviz Babayev (İdarə etmə fakültəsi), Süleyman Məmmədov (İqtisadiyyat fakültəsi) layihənin qalibləri olmuşdur.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi