Yunanıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Nicolaos D.Kanellos Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Səfər çərçivəsində qonaq həmçinin “Naxçıvan Universiteti” ilə də tanış olub. Universitetin rektoru, professor İsmayıl Əliyev qonağı salamlamış, universitetin yaranmasından, fəaliyyətindən, mütəxəssis hazırlığı barədə məlumat vermişdir. Bildirilib ki, "Naxçıvan" Universiteti 1999-cu ildə ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamışdır. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır. Universitetdə 4 fakültə, 10 kafedra, 6 şöbə fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində 7 binadan və yardımçı qurğulardan ibarət müasir universitet şəhərciyi salınmışdır. Rektor “Naxçıvan”Universitetinin indi dünyanın 51 universiteti ilə əməkdaşlıq etdiyini və həmin universitetlərin kitabxanaları ilə sıx əlaqə saxlanıldığını ifadə edib. Rektor onu da bildirib ki, “Naxçıvan” Universitetində tələbələrin yüksək təhsilə yiyələnmələri üçün hərtərəfli şərait yaradılıb. Belə ki, kompyuter mərkəzləri, müasir və zəngin ədəbiyyatlarla təchiz olunmuş kitabxana, yüksək sürətli simsiz internet, asudə vaxtlarını səmərəli keçirmək üçün özfəaliyyət qrupları, açıq və qapalı idman meydançaları tələbələrin ixtiyarına verilib.
Yunanıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Nicolaos D.Kanellos Yunanıstan universitetləri ilə “Naxçıvan” Universiteti arasında təhsil sahəsindəki əlaqələrin qurulmasının, eləcə də, universitetlər arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Sonra qonaq universitet şəhərciyi ilə tanış olub.