Yeni Azərbaycan Partiyası “Naxçıvan” Universiteti müəssisədən kənar ərazi ilk təşkilatının təşkilatçılığı ilə universitetin bütün fakültələrində YAP sıralarına öz ərizələri əsasında üzv qəbul olmaq istəyən tələbələrlə sorğu-sual aparılıb və verilən sualları düzgün cavablandıran tələbələrin ərizələri qəbul olunub. Sualları düzgün cavablandıra bilməyən tələbələrə isə yenidən hazırlaşmaq imkanı verilib və onlar növbəti sorğu-sualda iştirak edəcəklər. Sorğu-sualı keçirməkdə əsas məqsəd, YAP sıralarına bilikli və dünyagörüşlü tələbələrinin üzv qəbul olunmasına köməklik göstərməkdən ibarətdir.
Tələbələr arasında keçirilən sorğu-suala başlamazdan əvvəl YAP “Naxçıvan” Universiteti müəssisədən kənar ərazi ilk təşkilatının sədri Anar Abuzərli çıxış edərək bildirib ki, xalqımızın və dövlətimizin taleyinin həll olunduğu bir zamanda meydana çıxan Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin inkişafı üçün son dərəcə əhəmiyyətli və yeni tarixi mərhələnin əsasını qoyub. Tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyası bu gün Heydər Əliyev dövlətçilik və idarəçilik məktəbinin layiqli yetirməsi, ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf edir, dövlətin daxili və xarici siyasətinin uğurla həyata keçirilməsində böyük rol oynayır.
Sonra YAP Naxçıvan Şəhər Təşkilatının sədr müavini Ramil Orucəliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkənin və xalqımızın taleyindəki rolundan danışıb. O, gənclərimizi partiya ətrafında sıx birləşməyə dəvət edib.Məlumat üçün qeyd edək ki, tələbələrə YAP-ın yaranma tarixi, keçdiyi inkişaf yolu həmçinin ümumi dünyagörüşünə aid suallar verilib. Onu da bildirək ki, sualları yaxşı cavablandıran tələbələrin ərizələri qəbul olunub.