Dünyanın müxtəlif ölkələrində Erasmus Plus proqramı çərçivəsində “Müəllim mübadiləsi layihəsi”nə əsasən ali təhsil ocaqlarında müəllimlər arasında imtahan keçirilib. Həmin layihə ilə əlqədar “Naxçıvan” Universitetində keçirilən imtahanda universitetin tədris işləri üzrə prorektoru Hüseyn Bağırsoylu, iqtisadiyyat kafedrasının müəllimləri Əli Cabbarov və Naim Cahidzadə, Pedaqogika və psixologiya kafedrasının müəllimi Aytən Məmmədova yüksək nəticə əldə etmiş və Rumıniyanın Pitesti şəhərinin Pitesti Universitetinə müxtəlif ixtisaslar üzrə fənn tədris etməyə göndərilmişlər.
Əməkdaşlardan aldığımız məlumata əsasən Hüseyn Bağırsoylu “Azərbaycanın enerji təhlükəsizliyi, Azərbaycanın orta Asiyadakı mövcud və siyasi vəziyyəti”, Əli Cabbarov “Dünya turizmi bu gün və sabah, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası”, Naim Cahidzadə “Müasir büdcə sistemləri və müasir maliyyə sistemləri, Azərbaycan və dünya təcrübəsi fərqləri”, Aytən Məmmədova isə “Dünyadakı Pedaqoji yeniliklər və Azərbaycan təcrübəsi” mövzusunda mühazirə oxumuşlar.
Onu da qeyd edək ki, səfər çərçivəsində universitet əməkdaşlarının Pitesti Universitetinin rektoru, prorektoru və ERASMUS üzrə mütəxəssislərlə görüşü olub. Görüş zamanı ikili müzakirələrdən sonra perspevtiv addımlar atılmış, növbəti müqavilələr üzrə razılaşmalar əldə olunmuşdur. Məlumat üçün deyək ki, universitetin loqoları, tanıtım jurnalları və Naxçıvan abidələrini əks etdirən hədiyyələr, eləcə də Naxçıvandan aparılmış duz parçaları Pitesti Universitetinə hədiyyə edilmişdir. Əməkdaşların səfər çərçivəsi mart ayının 4-dək davam edəcəkdir.