“Naxçıvan” Universitetinin “Pedaqoji” və “Xarici dillər” fakültələrinin əyani şöbə üzrə təhsil alan tələbələrinin 2017-2018-ci tədris ilinin yaz semestrində keçəcəkləri pedaqoji təcrübəyə həsr olunmuş yekun konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə universitetin tədris işləri üzrə prorektoru Hüseyn Bağırsoylu açaraq bildirib ki, pedaqoji təcrübə təhsil müddətində qazanılan nəzəri bilikləri təcrübədə möhkəmləndirməklə peşə vərdişlərinə yiyələnməyə imkan verir. Təcrübə dövründə metodistlərin, müəllimlərin və tələbələrin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edən H.Bağırsoylu universitetdə ixtisaslı pedaqoji kadr hazırlığı prosesində ali və orta ümumtəhsil müəssisələrinin müntəzəm əməkdaşlığına, dünya təhsil sisteminə inteqrasiyaya, nəzəri bilik və təcrübə mübadiləsinə xüsusi əhəmiyyət verildiyini nəzərə çatdırıb. Konfransda Xarici dillər kafedrasının müdiri Anara Nəsirlinin, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Nüşabə Məmmədovanın,Heydər Əliyev adına tam orta məktəbin müəllimi Feyruz Novruzovun, “Riyaziyyat və informatika kafedrasının müdiri Natəvan Şeyxovanın, Təbiət elmləri kafedrasının müdiri Arif Səfərovun çıxışları dinlənilib. Təcrübə müddətində tələbələrin göstərdiyi fəallığı vurğulayan universitet müəllimləri bildiriblər ki, ümumilikdə 112 nəfər tələbə Heydər Əliyev adına tam orta məktəbdə, 8 nömrəli və 15 nömrəli tam orta məktəblərində 7 həftəlik təcrübə keçmişlər.
Sonra təcrübəçi tələbələrdən bir neçəsi çıxış edərək təcrübə zamanı onlar üçün yaradılmış şəraitdən, göstərilən qayğıdan danışıblar. Sonra tələbə-gənclər görülmüş işlərə dair hesabatı, gündəliyi, sınaq dərslərinin nümunəvi icmallarını, protokolları və əyani vəsaitləri, həmçinin keçirilimiş tərbiyəvi əxlaqi tədbirlərin mətninə aid sənədləri təhvil veriblər.
Sonda təcrübədə fərqlənən tələbələrə diplom və fəxri fərmanlar təqdim olunub.