“Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Naxçıvan ədəbi mühiti müstəqillik illərində” mövzusunda elmi konfrans keçirilib.
Konfrans başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev açaraq bildirmişdir ki, Naxçıvan ədəbi mühiti Azərbaycan ədəbiyyatının ayrılmaz tərkib hissəsidir. Bu ədəbi mühit qədim dövrlərdən orta əsrlərə yeni dövrdən müasir dövrə qədər həmişə Azərbaycan ədəbiyyatına parlaq ədəbi simalar, qiymətli əsərlər bəxş etmişdir.Azərbaycanda dövlət müstəqilliyinin qazanılmasıyla cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, ədəbiyyat sahəsində də keçmiş sovet ideologiyasından uzaqlaşıb, azərbaycançılıq məfkurəsi əsasında yazılmış əsərlərin meydanı genişlənmişdir.
Konfransda filologiya üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi Hüseyn Həşimlinin “Azərbaycan Xalq Cümhuriyyəti dövründə naxçıvanlı ədiblərin fəaliyyəti”, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Yadigarın “Müstəqillik illərində Naxçıvan ədəbi mühiti”,Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi, dosent İman Cəfərovun “Azərbaycan ədəbiyyatşünaslığının Naxçıvan məktəbi müstəqillik illərində”, həmin kafedranın müdiri, dosent Nüşabə Məmmədovanın “Naxçıvan nəsri müstəqillik dövründə”, Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi, dosent Aypara Behbudovanın “Müstəqillik illərində Naxçıvan ədəbi mühitində poeziya” mövzularında çıxışları dinlənilib. Bildirilib ki, Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan ədəbiyyatı yeni mərhələyə qədəm qoydu. “Azərbaycanın böyük mütəfəkkir və humanist şairlərinin təravətdən düşməyən misraları bu gün də öz hikmət və insanpərvərlik ruhu ilə dünyanı heyran qoyur”-deyən ümummilli liderimiz Heydər Əliyev həm klassik, həm də müasir ədəbiyyatımızın öyrənilməsi və təbliğini daim diqqət mərkəzində saxlamış, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin vətənimizdən uzaqlarda da tanınmasına nail olmuşdur. Ulu öndər klassik və müasir şairlərimizin yubileylərinin keçirilməsinə, onların əzəmətli heykəllərinin ucaldılmasına, əsərlərinin çap olunmasına, xarici dillərə tərcümə edilməsinə xüsusi diqqət və qayğı ilə yanaşmış, folkor nümunələrimizin nəşr olunması, xarici ölkələrdə tanıdılması baxımından mühüm qərarlar vermiş, fərman və sərəncamlar imzalamışdır. Müstəqillik illərində şair və yazıçılarımızın, incəsənət xadimlərimizin Prezident mükafatına, Prezidentin fərdi təqaüdünə layiq görülməsi də ulu öndərin sənət adamlarına göstərdiyi qayğının bariz nümunəsi idi.