Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamın icrası ilə bağlı 17 may 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin Maliyyə və Mühasibat uçotu və audit ixtisaslarının tələbələri ilə “Qiymətli metalların əyarlarının müəyyən edilməsi qaydaları” mövzusunda görüşü keçirilib.
Tədbiri İdarəetmə fakültəsinin dekan müavini Naim Cahidzadə giriş sözü ilə açaraq adıçəkilən Sərəncamın muxtar respublikadakı ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslarda təhsil alan tələbələrin yüksək səviyyədə hazırlığı və eləcə də, mühasibat uçotu və audit və maliyyə sahəsində kadr potensialının formalaşması, gələcəkdə isə iş yerləri ilə təmin olunması baxımından əhəmiyyətindən danışıb. Natiq, həmçinin çıxışında nazirliyin iş prinsipi haqqında da ətraflı məlumat verib. Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.
Tədbirdə Naxçıvan MR Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsinin Nəzarət, Ekspertiza və Seltifikatlaşdırma sektorunun müdiri Nizaməddin Bağırov “Qiymətli metallardan hazırlanmış məhsulların əyarlanması və damğalanması qaydaları” mövzusunda çıxışı dinlənilib. O, qiymətli metallardan və onların əlvan metallarla ərintilərindən bədii təsvir üsullarını, qiymətli, yarımqiymətli bəzək daşlarını, təbii və süni mənşəli materialları tətbiq etməklə hazırlanmış zərgərlik, məişət məmulatları, əşyaları dövlət əyar damğası ilə damğalanması qaydaları haqqında tələbələrə geniş məlumat verib. Eyni zamanda dinləyicilərin nəzərinə çatdırıb ki, Naxçıvan MR ərazisində əyar nəzarətini həyata keçirmək məqsədilə Naxçıvan MR Ali Məclisi Sədrinin 25 oktyabr 2007-ci il tarixli sərəncamı ilə Naxçıvan MR Maliyyə Nazirliyi yanında Əyar Şöbəsi yaradılmışdır. Naxçıvan MR Ali Məclisi Sədrinin 14 aprel 2017-ci il tarixli sərəncamına əsasən Əyar Şöbəsinin bazasında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi yaradılmışdır.
Tədbirdə Naxçıvan MR Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsinin Qiymətli Metalların Əyarlanması və Damğalanması sektorunun müdiri Ləman İsmayılova “Əyar damğalarının növləri və quruluşu” mövzusunda çıxış edərək bildirmişdir ki, Qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının əyarlanması, damğalanması və əyar damğalarının növləri və quruluşu qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 9 iyul tarixli 153 nömrəli qərarı ilə təsdiq olunmuşdur.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırıb.