Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamın icrası ilə bağlı 23 aprel 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin Maliyyə və Mühasibat uçotu və audit ixtisaslarının tələbələri ilə “Kommunal xərclərin proqnozlaşdırılması və maliyyələşdirilməsinə nəzarət” mövzusunda görüşü keçirilib.
Tədbiri İdarəetmə fakültəsinin dekanı, dosent Elbrus İsayev giriş sözü ilə açaraq adıçəkilən Sərəncamın muxtar respublikadakı ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslarda təhsil alan tələbələrin yüksək səviyyədə hazırlığı və eləcə də, muhasibat uçotu və audit sahəsində kadr potensialının formalaşması, gələcəkdə isə iş yerləri ilə təmin olunması baxımından əhəmiyyətindən danışıb. Natiq, həmçinin çıxışında nazirliyin iş prinsipi haqqında da ətraflı məlumat verib.Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.
Tədbirdə nazirliyin Milli iqtisadiyyatın maliyyəsi şöbəsinin aparıcı məsləhətçisi Qənbər Xudiyevin “Kommunal xərclərin proqnozlaşdırılması və maliyyələşdirilməsinə nəzarət” mövzusunda çıxışı dinlənilib. O, mənzil və kommunal təsərrüfatı xərcləri üçün 2018-ci il dövlət büdcəsində ayrılan vəsaitlər haqqında tələbələrə geniş məlumat verib. Bu xərclər üçün ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisini statistik rəqəmlərlə dinləyicilərin nəzərinə çatdırılıb. Natiq maliyyə və mühasibat uçotu sahəsində nəzəri biliklərlə təcrübi vərdişlərin əlaqələndirilməsini yüksək qiymətləndirib, bu cür görüşlərin mütəmadi olaraq keçirilməsi ilə bağlı öz müsbət fikirlərini bölüşüb.
Sonda tələbələri maraqlandıran suallar ətraflı cavablandırıb.