Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamın icrası ilə bağlı 03 aprel 2018-ci il tarixdə Naxçıvan MR Maliyyə Nazirliyinin əməkdaşlarının “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin Maliyyə və Mühasibat uçotu və audit ixtisasının tələbələri ilə “Büdcə təşkilatlarında mühasibat uçotunun aparılması qaydaları” mövzusunda görüşü keçirilib.
Görüş zamanı İdarəetmə fakültəsinin dekan müavini Naim Cahidzadə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamdan irəli gələn vəzifələri nəzərə çatdırıb. Dekan müavini qeyd edib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.
Tədbirdə nazirliyin baş mühasibi Məmmədnağı Əkbərovun “Büdcə təşkilatlarında mühasibat uçotunun aparılması qaydaları” mövzusunda çıxışı dinlənilib. O, büdcə təşkilatlarında mühasibat uçotunun təşkilini, aparılmasını və maliyyə hesabatlarının hazırlanmasını, bu sahəni tənzimləyən normativ hüquqi aktların tələbləri haqqında tələbələrə geniş məlumat verib.
Görüş nəzəri biliklər mənimsədilməklə praktiki nümunələr üzərində qurulub. Görüş müddətində büdcə təşkilatında baş vermiş təsərrüfat əməliyyatlarının təsnifləşdirilərək ilkin uçotundan ( müxabirləşmələrin yazılması, memorial orderlərdə əks etdirilməsi, baş kitabın, dövriyyə cədvəllərinin aparılması) maliyyə hesabatlarının təqdimatına qədər olan bütün mərhələlər tələbələrin diqqətinə çatdırılmışdır. Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.