Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamın icrası ilə bağlı 29 dekabr 2017-ci il tarixdə Naxçıvan MR Maliyyə Nazirliyinin əməkdaşlarının “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin tələbələri ilə "Yerli büdcələrin icrasına və təsərrüfat hesablı dövlət orqanlarında xərclərin maliyyələşdirilməsinə nəzarətdə auditin rolu" mövzusunda görüşü keçirilib.
Tədbirdə “Naxçıvan” Universiteti İdarəetmə fakültəsinin dekan müavini Naim Cahidzadə çıxış edərək “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamdan irəli gələn vəzifələrin icrasının əhəmiyyətini vurğulayıb. Dekan müavini həmçinin qeyd edib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.
Tədbirdə Naxçıvan MR Maliyyə Nazirliyinin Maliyyə nəzarəti şöbəsinin sektor müdiri Xaqani Vəliyev çıxış edərək bildirmişdir ki, yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, bələdiyyələrin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitidir. Yerli büdcənin xərclərinin büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq istifadə edilməsi, maliyyə hesabatlarında xərclərin ilkin mühasibat uçotu sənədlərinə uyğun olaraq öz əksini tapmasının nəticələri əks olunmalıdır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb