Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və “Naxçıvan” Universitetinin bir qrup tələbəsinin iştirakı ilə “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan “Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının müzakirəsi həyata keçirilib.
Tədbiri giriş sözü ilə mərkəzin elmi katibi Nihad Tarverdiyev açaraq qeyd edib ki, müzakirəsi keçirilən kitab özündə bütün azərbaycanlılar üçün
əhəmiyyət kəsb edən tarixi, siyasi-ideoloji hadisələri əhatə edir. Bu müraciətdə milli tariximizin bütün dövr və mərhələlərinə yüksək peşəkarlıqla qiymət verilib, geridə qalan əsrlərdə baş vermiş ictimai-siyasi proseslər barədə obyektiv mülahizələr səsləndirilib və gələcək inkişaf yolları müəyyənləşdirilib.
Qeyd olunub ki, ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suverən Azərbaycanın əsas qanunu olan müstəqil Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin
təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ilə bağlı proseslərin müvəffəqiyyətli həlli şəxsən ulu öndər Heydər Əliyevin tarixi xidmətləridir. 1994- cü ildə ulu öndər Heydər Əliyevin neft strategiyasının reallaşdırılmasını təmin edən “Əsrin Müqaviləsi”-nin imzalanması Azərbaycan xalqının öz maddi
sərvətlərinin, o cümlədən neftinin həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrilib. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açıb, dinamik inkişafın
təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada analoqu olmayan templə davamlı inkişafı üçün zəmin yaradıb.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına dərin məzmunlu müraciətində xalqın ötən yüzillikdə keçdiyi keşməkeşli və şərəfli yola, ən müxtəlif sahələrdə qazandığı uğur və nailiyyətlərə tarixi-politoloji aspektdə nəzər salmış, qloballaşma proseslərini daha da genişlənəcəyi yeni əsrdə qarşıda duran vəzifələrdən söz açmışdır. Müraciətdə o da vurğulanıb ki, bütün bəşəriyyətlə birgə Azərbaycan xalqı da XXI əsrə, üçüncü minilliyə böyük nikbinliklə qədəm qoyur. Əsrlərin və minilliklərin qovuşduğu bu gün tarixin xüsusi bir anıdır - hər bir bəşər övladı kimi, Azərbaycan vətəndaşı da belə tarixi hadisənin
məhz onun taleyinə, onun həyatına təsadüf etməsindən böyük şərəf və qürur hissi
duyur.
Kitabda qeyd olunub ki, ulu öndər Azərbaycan xalqının yüz ildən sonra, gələcək əsrləri əhatə edən elə bir inkişafına və intibahına zəmin yaratmaq istəyirdi ki, həmin dövrlərdə yaşayacaq nəsillər üçün heç bir problem qalmasın. Ümummilli
liderimiz Heydər Əliyev “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adlı müraciətində qeyd edib ki: “Müstəqilliyimiz möhkəmlənəcək, torpaqlarımız azad olunacaq, Azərbaycan Respublikası sülh və firavanlığa qovuşacaq”. Bugün bu arzular Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində reallaşdırılıb, müqəddəs torpaqlarımız işğaldan azad edilib.
Sonda Mərkəzdə yaradılan kitab sərgilərinə baxış olub.