Məlum olduğu kimi Ukrayna Respublikasının İrpen şəhərində fəaliyyət göstərən Akademik Zərifə xanım Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbinin nümayəndələri Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Səfər çərçivəsində əməkdaşlar “Naxçıvan” Universitetində olmuşlar. Universitetin rektoru, professor İsmayıl Əliyev qonaqları salamlamış, universitetin yaranmasından, fəaliyyətindən, mütəxəssis hazırlığı barədə məlumat vermişdir. Bildirilib ki, "Naxçıvan" Universiteti 1999-cu ildə ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamışdır. Universitetdə 4 fakültə, 10 kafedra, 6 şöbə fəaliyyət göstərir
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində 7 binadan və yardımçı qurğulardan ibarət müasir universitet şəhərciyi salınmışdır. Rektor “Naxçıvan” Universitetinin indi dünyanın 51 universiteti ilə əməkdaşlıq etdiyini və həmin universitetlərin kitabxanaları ilə sıx əlaqə saxlanıldığını ifadə edib. Rektor onu da bildirib ki, “Naxçıvan” Universitetində tələbələrin yüksək təhsilə yiyələnmələri üçün hərtərəfli şərait yaradılıb. Belə ki, komputer mərkəzləri, müasir və zəngin ədəbiyyatlarla təchiz olunmuş kitabxana, yüksək sürətli simsiz internet, asudə vaxtlarını səmərəli keçirmək üçün özfəaliyyət qrupları, açıq və qapalı idman meydançaları tələbələrin ixtiyarına verilib.
İrpen məktəbinin nümayəndələri məktəb haqqında universitet rəsmilərinə məlumat vermişlər. Sonra universitetin tədris işləri üzrə prorektoru Hüseyn Bağırsoylu qonaqları universitet şəhərciyi ilə yaxından tanış edib.