“Naxçıvan” Universitetində “2 Fevral – Azərbaycan Gəncləri Günü” adlı elmi-praktik konfrans keçirilib. Konfransda çıxış edən universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, ümummilli lider Heydər Əliyev gənclərə həmişə yüksək qayğı göstərərək, onlarla bağlı məsələlərin həllini dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib. Məhz Ulu Öndər Azərbaycanda dövlət gənclər siyasətinin təməlini qoyub və bu gün Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bunun nəticəsində gənclərimiz ölkə həyatının bütün sahələrində yüksək fəallıq nümayiş etdirirlər.
Bu gün “Naxçıvan” Universitetində gənclər siyasətinin uğurla həyata keçirildiyini diqqətə çatdıran N. Əliyeva ali təhsil ocağında yaradılan Tələbə Gənclər Təşkilatının fəaliyyətini xüsusilə vurğulayıb. Bildirib ki, universitet daxilində keçirilən tədbirlər, intellektual yarışmalar, debat çempionatları, sərgilər, idman yarışları, musiqi festivalları və s. kimi tədbirlər TGT-nın üzvlərinin layihələri əsasında formalaşır. Həmin layihələr əsasında tələbələrimiz istər şəhər, istərsə də respublika üzrə keçirilən intellektual yarışlarda böyük uğurlar əldə ediblər. “Nə? Harda? Nə zaman?” çempionatı, “Bilik kuboku”, “Xəmsə” və digər yarışlarda daim qələbə qazanaraq ən yüksək uğurlara imza atıblar. Həmçinin “Naxçıvan” Universiteti tələbələri təkcə şəhər əhəmiyyətli tədbirlərdə deyil, respublika əhəmiyyətli tədbirlərdə də yaxından iştirak edərək Könüllülük hərakatına öz töhfələrini veriblər.
N. Əliyeva 5-9 dekabr tarixlərini əhatə edən STEAM Azərbaycan Festivalında “Naxçıvan” Universitetinin də uğurla təmsil olunduğunu xatırladıb. Qeyd edib ki, ümumilikdə 289 komandadan 892 iştirakçının qatıldığı Festivalda universitetin “Elganador” komandası gümüş medala layiq görülüb.
“Bizim istedadlı gənclərimiz çoxdur”- deyən rektor Azərbaycan gəncliyinin Vətənə, adət – ənənəyə, xalqımızın gözəl dəyərlərinə bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, ölkə rəhbərliyi də gənclərimizə güvənir. Düşünürəm ki, bu gün konfrans çərçivəsində dinlənilən məruzələrdə yeni və maraqlı fikirlər səslənəcək.
“Gənclik sabaha ümid və inam deməkdir” adlı məruzə ilə çıxış edən “Naxçıvan” Universitetinin Tələbə Gənclər Təşkilatının Sədri Altay Cəfərli bildirib ki, universitetdə gənclərin inkişafı, onların fəallıqlarının artırılması, məşğulluqlarının təmin edilməsi, istedadlarının müəyyənləşdirilməsi istiqamətində ardıcıl, sistemli tədbirlər görülüb və bunun müqabilində bir çox nailiyyətlər əldə olunub. Təbii ki, əldə olunan nailiyyətlərin hamısı respublikamızda aparılan uğurlu gənclər siyasətinin tərkib hissəsidir.
Ali təhsi ocağının “İdarəetmə” və “Pedaqoji” fakültəsinin tələbələri Oğuz Məmmədov və Zeynəb İlyasova bildiriblər ki, bu gün Azərbaycanda gənclərin inkişafı, onların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bu diqqət və qayğının əsasını ümummilli lider Heydər Əliyev qoyub. Hazırda isə bu siyasət dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Artıq bizim də yeni hədəflərimiz var. Hədəflərimizdən biri də ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil etməkdən ibarətdir.
Konfransın davamında video çarx nümayiş olunub. Konfrans təhsil, ictimai və mədəni sahələrdə fərqlənən fəal gənclərə sertifikatların təqdim edilməsilə qurtarıb.